Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən lider

Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən lider

Tarix: 10 Yanvar 2024 17:12

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 ildə sosial-iqtisadi və siyasi baxımdan keyfiyyətcə dəyişmiş, dünya miqyasında tanınan lider ölkəyə çevrilmişdir. Prezidentin məqsədyönlü daxili və xarici siyasəti Azərbaycana nəinki dünya inkişafı məcrasına uğurla daxil olmaq, həm də ağır, dünya ermənilərinin bizə tuş etdikləri çətin Qarabağ problemini həll etmək imkanı verdi. Nəticədə Cənubi Qafqazın ənənəvi geosiyasi mənzərəsində transformasiya baş verdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Cənubi Qafqazın planetimizdə nisbətən kiçik ərazi olduğunu qeyd edən C.Xəlilov vurğuladı ki, buna baxmayaraq, bu region öz coğrafi mövqeyinə və zəngin təbii sərvətlərinə görə uzun müddətdir ki, dünya siyasətinin maraq dairəsinə düşüb. Onun sözlərinə görə, yanacaq və mineral ehtiyatlarla zəngin olan Avropa ilə Asiya arasında unikal bağ kimi Cənubi Qafqaz öz qonşularına həmişə cəzbedici təsir göstərib. Tarixən burada birbaşa olaraq üç imperiyanın maraqları toqquşub: İran, Osmanlı Türkiyəsi və Çar Rusiyası. Böyük Britaniya və Fransa bu əraziyə biganə qalmadılar. 19-cu əsrdən etibarən Rusiya bu bölgənin hökmranına çevrildi və təəssüf ki, bu torpaqların erməniləşdirilməsi siyasətini həyata keçirməyə başladı. İrandan, Yaxın və Orta Şərq ölkələrindən Azərbaycan, qismən də Gürcüstan və Şimali Qafqaz torpaqlarına ermənilərin kütləvi şəkildə köçürülməsi ilə əlaqədar Cənubi Qafqazın ənənəvi etnik mənzərəsində dəyişikliklər baş verdi. Bu proses, qəribə də olsa, iyirminci əsrdə, SSRİ-nin dağılmasına qədər davam etdi. Müxtəlif yollarla öz ata-baba yurdlarından didərgin salınan bu köç manipulyasiyaları nəticəsində Azərbaycan xalqı xüsusilə ağır əziyyətlər çəkdi. Nəticədə İrəvan "Yerevan", Göyçə gölü "Sevan", Qarabağ "Artsax", Zəngəzur "Sünik" və s. "oldu".

Polkovnik daha sonra bildirdi ki, ermənilərin geniş ərazilərdə məskunlaşması "Böyük Ermənistan", "dənizdən dənizə Ermənistan", "Qədim Artsax" və digər ekstravaqant ideyalarla ideoloji cəhətdən dəstəklənir. Erməni siyasətçiləri bu miflərə istinad edərək, vicdan əzabı çəkmədən yad torpaqların zəbt edilməsini tarixi mənşəyə qayıdış kimi təqdim etdilər. Bu saxtakarlıqlara beynəlxalq ictimaiyyət tərəfindən lazımi reaksiyanın olmaması təkcə beynəlxalq hüquqa deyil, həm də sivil cəmiyyətin bütün qanunlarına zidd olan təcavüzkar erməni təfəkkürünün formalaşmasına şərait yaratdı.

"Ötən il Qarabağ məsələsində yekun, tam qələbəmiz həqiqətən misilsiz zəfərdir. Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni qoşunlarını deyil, əsr yarımdır türk torpaqlarının mənimsənilməsi layihələrini bəsləyən dünya erməni birliyini də məğlub etdi. Qələbə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mümkün olub. Bu, şəxsiyyətin tarixdəki xüsusi rolunun sübutu deyilmi?! İlham Əliyevin düşünülmüş siyasəti ölkənin bütün imkanlarını qələbəyə səfərbər etməyə imkan verdi. İqtisadiyyatın inkişafı, müasir ordunun yaradılması, vətənpərvərlik tərbiyəsi Azərbaycanın dövlət strategiyasında müəyyənedici amillərə çevrilib", - deyə Cəlil Xəlilov vurğulayıb.

Dövlət başçısının paralel olaraq "yumşaq güc"ün formalaşdırılması məsələsinə xüsusi diqqət yetirdiyini - Azərbaycanı qlobal kommunikasiya məkanında obyektiv təmsil etmənin, ölkə, xalq, onun arzuları haqqında düzgün məlumatların yayılmasının zəruri olduğunu vurğulayan polkovnik bildirib ki, bu məqsədlə, İlham Əliyevin rəhbərliyi ilə bütün imkanarımız - mədəni, diplomatik, iqtisadi, hərbi potensialımızı bu sınaqdan ləyaqətlə və ən az itki ilə çıxmaq üçün səfərbər etmişik. Müvafiq informasiya siyasəti, Prezidentin mətbuatda görkəmli proqram çıxışları, sistemli vətənpərvərlik tərbiyəsi sayəsində azərbaycanlılarda baş verənlərin Vətən Müharibəsi olduğu düşüncəsi aşılanıb.

"Azərbaycanın Qarabağ müharibəsində qələbəsi regionda sosial-iqtisadi, elmi-texniki inkişaf üçün əsaslı şəkildə yeni perspektivlər açdı. Ölkə prezidenti Ermənistanda revanşist qüvvələrin inadkarlığına diqqət çəkir və onların mümkün çağırışlarına cavab verməyə hazır olmağın vacibliyini qeyd edir. O, Azərbaycan xalqının mənafeyi naminə ölkəni idarə etməkdə yüksək səriştəsini hərtərəfli sübut etmiş əsl liderdir", - polkovnik Cəlil Xəlilov söylədi.

Milli.Az


Etiketlər:  Cənubi Qafqazın geosiyasi mənzərəsini dəyişən lider


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ