Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beşinci dəfə baş nazir oldu

Beşinci dəfə baş nazir oldu

Tarix: 12 Yanvar 2024 06:18

Banqladeşin Baş naziri, Avami Liqası (Xalq Liqası) partiyasının lideri xanım Şeyx Hasina beşinci dəfə ölkə hökumətinin başçısı olub. İnaqurasiya mərasimi onun partiyasının yanvarın 7-də keçirilən parlament seçkilərində qələbəsindən sonra Dəkkədə prezident iqamətgahında baş tutub.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, yaranmış ənənəyə uyğun olaraq, Şeyx Hasina ölkə prezidenti Şahabuddin Çuppunun iştirakı ilə and içib.

Parlament seçkiləri nəticəsində Avami Liqası partiyası qanunverici orqandakı mövcud 298 yerdən 222-ni əldə edib.

Şeyx Hasina 36 nəfərdən ibarət kabinet təklif edib. Baş nazirdən sonra nazirlər də and içiblər.

Şeyx Hasina kimdir?

Bu il 77 yaşı tamam olacaq Baş nazir Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qızıdır. 1975-ci il avqustun 15-də baş vermiş hərbi çevriliş zamanı Rəhman və ailə üzvləri güllələnir. Həmin vaxt Şeyx Hasina əri və kiçik bacısı ilə Almaniyada idi. O, persona non-qrata elan edilir və altı il siyasi sığınacaq aldığı Hindistanda yaşayır.

1996-cı ildə Avami Liqasının seçkilərdə qələbəsindən sonra Şeyx Hasina ilk dəfə hökumətə rəhbərlik edərək, Xalidə Ziyadan (1991-1996) sonra Baş nazir vəzifəsini tutan ikinci qadın və tam beş illik müddəti başa vuran ilk Baş nazir oldu. 2007-ci ildə o, korrupsiya və rüşvətxorluq ittihamı ilə mühakimə olunaraq bir il həbs cəzası çəkdi, sonra səhhətinə görə azad edildi və müalicə üçün ABŞ-a getdi.

Şeyx Hasina 2008-ci ilin dekabrında, parlament seçkiləri ərəfəsində Banqladeşə qayıtdı. Seçkilərin nəticələrinə görə, Avami Liqası qalib gəldi və 2009-cu ilin yanvarında Şeyx Hasina yenidən Baş nazir oldu. O, bu vəzifəni 2014, 2018 və 2024-cü il seçkilərində də saxladı. Beləliklə, Şeyx Hasina Banqladeş tarixində ən uzun müddət hakimiyyətdə olan hökumət başçısıdır.

Müxalifət və bir sıra Qərb ölkələri Şeyx Hasinanı avtoritar idarəetmə tərzinə görə tənqid edir və onun kabinetini insan haqlarını pozmaqda təqsirləndirirlər. Baş nazir azı 22 sui-qəsd cəhdindən sağ çıxıb. Hökumət başçısı bütün ittihamları rədd edir, Qərb dövlətlərinin fikrini nəzərə almadan yaxın illərdə firavan ölkə qurmaq niyyətində olduğunu bildirir.

Milli.Az


Etiketlər:  Beşinci dəfə baş nazir oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ