Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Evian sakinləri: “Şəhərimizdə Natəvanın heykəlinə qarşı vandallıq yolverilməzdir”

Evian sakinləri: “Şəhərimizdə Natəvanın heykəlinə qarşı vandallıq yolverilməzdir”

Tarix: 15 Yanvar 2024 18:22

İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bon şəhərinə hədiyyəsi olaraq "Azərbaycan bağı"nda ucaldılmış 19-cu əsrin böyük şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də olduqca narahat edib.

Milli.Az bildirir ki, "Report"un Fransa bürosuna danışan şəhər sakinlərindən biri şairənin heykəlinə olunan vandalizm əməlinin onu çox məyus etdiyini deyib: "Heykəlin büküldüyünü gördükdə əvvəlcə səbəbini anlamadım. Sonradan öyrəndim ki, heykəl vandalizmə məruz qalıb. Bundan çox məyus oldum. Bu xanım şairə olub, eyni zamanda o dövrün qabaqcıl insanlarından olub, o dövrdə hətta şahmat belə oynamağı bacarıb. Belə bir şəxsiyyətin heykəlinə bu hərəkəti etmək qalmaqallı bir işdir".

O, yaşadığı şəhər üçün təəssüfləndiyini bildirib: "Bu gün Fransada vandalizmə əl atanlar çoxalıb. Belə ki, insanlar bir-birlərinin fikri ilə razılaşmadıqları halda vandalizm əməllərinə əl atırlar. Belə hallar yolverilməzdir. Bu qadının heykəlinə hörmətlə yanaşılmalıdır. Biz axı Evianda yaşayırıq. İsveçrənin iki addımlığındayıq. Evian şəhəri üçün heyiflər olsun".

Şəhərin digər bir sakini qeyd edib ki, hadisə onun eyvanının altında baş verib: "Düz mənim balkonumun qarşısında baş verən bu hadisə məndə böyük kədər hissi doğurur. Heykələ qarşı pis rəftar olunub. Belə ki, burnu sındırılıb, üzərinə boya tökülüb. Bu yolverilməzdir və biz bu gün bu hadisəni böyük təəssüflə qarşılayırıq. Bir tərəfdən o səbəbdən ki, Evian hər zaman sakit şəhər olub. Bu gün bu hadisənin baş verməsi şəhərimizə yaraşmır. İkincisi də, bu heykəl iki ölkə arasında dostluq rəmzi idi. Bu gün bu heykəlin bu hala salınması şəhər sakini kimi məni çox utandırır".

Məsələyə münasibət bildirən Evian şəhərinin digər bir sakini isə Azərbaycan şairəsinin heykəlinə qarşı olunan bu vandalizm əməlinin yolverilməz olduğunu qeyd edib.

"Hamı bir-birinin fikrinə hörmətlə yanaşmalıdır. İnsanlar bir-birlərinin siyasi fikirlərinə, din müxtəlifliyinə tolerantlıq nümayiş etdirməlidirlər. Sındırmaq, dağıtmaq lazımsızdır. Sonra bu sındırılan ictimai əmlakı restavrasiya etmək, düzəltmək, xərcini ödəmək lazım gəlir. Mənim şəhərimdə baş verən bu hadisədən çox məyusam".

Milli.Az


Etiketlər:  Evian sakinləri Şəhərimizdə Natəvanın heykəlinə qarşı vandallıq yolverilməzdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ