Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 15:55
Bakı. Trend:
Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm imkanlarına həsr olunmuş “Şərqi Tirol Azərbaycanla görüşür“ adlı tədbir keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiyalar üzrə federal naziri Andreas Rayxerdt, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, Avstriya Parlamentinin Turizm Komissiyasının sədri Qerald Hauzer, parlamentarilər, incəsənət xadimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, Dövlət Komitəsinin sədri Fuad Muradov, səfir Qalib İsrafilov, Qerald Hauzer tədbirdə çıxış ediblər. Natiqlər birgə mədəni tədbirlərin əhəmiyyətini qeyd edib, iki ölkə arasında turizm sahəsində böyük əməkdaşlıq potensialı olduğunu vurğulayaraq, gələcəkdə bu imkanlardan geniş istifadə ediləcəyinə əminliklərini söyləyiblər.
Tədbirin bədii hissəsində Avstriyanın Şərqi Tirol bölgəsinin “Quqqenberqer bacıları“ musiqi qrupu, bu ölkədə yaşayan azərbaycanlı musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) çıxış edərək, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.
Tədbir çərçivəsində avstriyalı incəsənət xadimləri Harald Vayskopf, Otmar Trost və Peter-Paul Bundşuhun rəsm və heykəltəraşlıq əsərləri sərgilənib, hər iki ölkənin mili mətbəx nümunələri təqdim olunub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin