Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənclik və qocalıq: Sərhədlər harada başlayıb, harada bitir? - FOTO

Gənclik və qocalıq: Sərhədlər harada başlayıb, harada bitir? - FOTO

Tarix: 2 Fevral 2024 20:56

Bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Qanunvericilikdə göstərilir ki, 14-29 yaş arası şəxslər gənc hesab olunurlar. Ancaq buna baxmayaraq, "gənc" məfhumunun təyinini hərə özünə görə verir. Mandela effekti kimi, əksəriyyət düşünür ki, qanunvericilikdə gəncliyin son yaşı 35-dir. 20 yaşını təzə tamam edənlər isə 35 yaşlıları artıq qoca hesab edirlər.

Bəs yaxşı, hansı yaşdan sonra insanlar artıq qocalıq dövrünə qədəm qoyurlar? Gənclik dövrünü uzatmağa qadirikmi? Bunun üçün hansısa fəndlər varmı?

İnsanların yaşlanmasının bioloji, sosial və psixoloji aspektlərini öyrənən sahə herontologiya adlanır. Ölkəmizdə herontoloqların sayı barmaqla sayıla biləcək qədərdir. Onlardan biri də biologiya üzrə fəlsəfə doktoru, dosent, Lənkəran Regional Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini Sevinc Hüseynovadır.

Sonxeber.net bildirir ki, oxu.az Sevinc xanımla həmsöhbət olub, adı dilə yatmayan bu elmlə bağlı hər kəsi maraqlandıran suallara cavab tapmağa çalışıb. Müsahibəni təqdim edirik:

- Sevinc xanım, necə düşünürsünüz - gənclik neçə yaşdan başlayır və hansı yaşda bitir?

- Mənim fikrimcə, gənclik 17 yaşdan başlayıb 35 yaşında bitir. Əslində, gənclik insanın ruh halıdır, lap 50 yaşında da bitə bilər. Ona görə bəziləri hətta saç düzümlərini də (xüsusilə kişilər) 20 yaşında olduğu kimi saxlayırlar.

- Qanunvericiliyimizə görə isə yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Bu haqda nə düşünürsünüz?

- Hesab edirəm ki, 14 yaşında adam yeniyetmədir, birmənalı olaraq.

- Bəs bu dövr, herontoloqlara görə, illər üzrə necə təsnifatlandırılmalıdır?

- 16 yaşdan 30 yaşa qədər gənclik dövrü hesab olunur. 30 yaşdan 65 yaşa qədər isə orta yaş dövrü adlanır.

- Sevinc xanım, bizdə herontoloqlar çoxdur?

- Çox olmasa da, var. Hətta herontoloqlar cəmiyyəti, herontologiya mərkəzi də var (sağlamlıq mərkəzinin nəzdində).

- Herontoloqlar harada hazırlanırlar - hansı universitet, hansı fakültədə?

- Herontologiya ixtisası üzrə mütəxəssislər, təəssüf ki, nə Tibb Universitetində, nə də BDU-nun Biologiya fakültəsində hazırlanır. Lakin Elm və Təhsil Nazirliyinin A.Qarayev adına Fiziologiya İnstitutunda Uzunömürlülüyün fiziologiyası laboratoriyası, AMEA-nın Lənkəran Regional Elm Mərkəzində Herontoloji Tədqiqatlar Şöbəsi var ki, Azərbaycanda uzunömürlüləri geniş tədqiq edir və herontologiya üzrə gənc kadrlar hazırlanır.

- Herontoloqların nə işlə məşğul olduqlarını gənclərə necə izah edə bilərik?

- Herontoloqlar uzunömürlülüyün mexanizmlərini, xüsusilə adaptiv mexanizmlərini, aktiv qocalmanın aspektlərini öyrənirlər. Herontoloqları maraqlandıran əsas məsələ odur ki, uzunömürlülük aktiv olsun. Yəni yataq xəstələrinin yox, aktiv uzunömürlülüyün sirlərini, adaptiv mexanizmlərini öyrənsinlər. Bundan başqa, herontoloqlar, əsasən, yaşla bağlı fizioloji və patoloji dəyişikliklərin sürətini öyrənirlər.

Bilirsiniz ki, bu gün xəstəliklər çox cavanlaşıb. Amma uzunömürlülərdə bu proses tam başqa mexanizmlərlə gedir. Uzunömürlülərin əksəriyyətində, demək olar ki, şəkər xəstəliyi yoxdur, ürək-qan-damar sistemi mükəmməl şəkildə fəaliyyət göstərir və yaxud onlarda ancaq analizatorlar, yəni görmə, eşitmə üzvlərində dəyişikliklər olur. Ona görə bu mexanizmlər, xüsusilə beyin və sinir sistemində gedən proseslər ciddi şəkildə öyrənilir.

Azərbaycanda uzunömürlülük populyativ xüsusiyyətə malikdir. Yəni uzunömürlülüyə təsir edən faktorlar, əsasən, genetik və ekoloji faktorlardır. Bu iki faktorun bir yerdə olması isə (həm ekologiyanın yaxşı olması, həm genetik faktorun ötürülməsi) uzunömürlülüyün populyativ şəkildə olmasına imkan verir - yəni bir nəsildə uzunömürlülər populyasiyası əmələ gəlir.

Bizim tədqiqatlarımıza gəlincə, herontoloqlar geniş tədqiqatlar aparırlar. Çünki burada sosial-bioloji xüsusiyyətlər, genetik-psixoloji vəziyyət öyrənilir. Uzunömürlülərin yaşadıqları kənddə üç-dörd nəsil, demoqrafik proseslər araşdırılır. Məsələn, Lənkəranda tədqiqat aparanda öyrəndik ki, orada olan uzunömürlülərin, demək olar ki, 60%-nin valideynləri vaxtı ilə Lerikdən gəliblər. Çünki Lerikdə uzunömürlülük indeksi çox yüksəkdir. Ona görə də bu proseslər geniş şəkildə öyrənilir.

Uzunömürlülər özləri sanki oxunmamış kitabdırlar. Onlar Azərbaycan tarixi, etnoqrafiyası, adət-ənənələrimiz, mətbəximiz haqqında o qədər gözəl məlumatlar verirlər ki. Bizi maraqlandıran əsas suallardan biri də, təbii ki, onların qidalanması, həyat tərzi, psixoloji vəziyyəti olur.

- Sevinc xanım, ədəbiyyatdan bildiyimiz qədər, təxminən 18-19-cu əsrlərdə ruslarda və fransızlarda 40-50 yaşlı adamlar qoca sayılırdılar. Xatırladığım qədəri ilə bir dönəm bizdə də elə idi, 55-60 yaşlı adamı qoca hesab edirdilər. Bu gün isə mənzərə bir az fərqlidir. Məsələn, 60-65 yaşında olan insanlar var ki, onlara yaşlı kimi baxmaq mümkün deyil. Bunun izahı varmı?

- Əlbəttə, var. Ümumiyyətlə, XIX əsrdən başlayaraq XX əsrin əvvəllərinə kimi 40-50 yaşında olanlar nəinki yaşlı, hətta qoca da hesab olunurdular. Çünki onda ömrün uzunluğu çox qısa idi. Niyə? Ona görə ki, tibb o qədər də inkişaf etməmişdi, epidemiyalar daha çox olurdu, yatalaq, qızılca, vəba kimi xəstəliklərə görə insanlar daha çox tələf olurdular və ömrün uzunluğu 60 yaşa güclə çatırdı.

Bundan əlavə, müharibələri də nəzərə almaq lazımdır. Müharibədə həlak olanlar və yaxud da yaralı gələnlər çox idi. Bütün bu səbəblərdən ömür qısa olduğu üçün 50 yaşlı adamı qoca hesab edirdilər. 19-cu əsrin 70-ci illərindən sonra təbabət inkişaf etməyə başladı. Təsəvvür edin ki, İkinci Dünya müharibəsi illərində penisillin nə qədər insanın həyatını xilas edib. O vaxta qədər isə adi infeksiyalardan belə, insanlar həyatını itirirdilər. Təbabətin inkişaf etməsi ilə ömrün uzanması prosesi getməyə başladı. İnsanlarda orta ömür uzunluğu artıq 75-78-ə çatdı. Həm də İkinci Dünya müharibəsindən sonra uzun müddət müharibələr olmadığı üçün insanların ömrünün uzanması labüd idi.

- Təbabətin bugünkü inkişafı insan ömrünə necə təsir edir?

- Bu gün əks-proses gedir. Təbabət inkişaf etsə də, iqtisadi və sosial problemlər səbəbindən artıq yaşlı dövrün xəstəlikləri cavanlaşmağa başlayır. Məsələn, 60-65 yaşında yaranmalı olan qan-damar xəstəlikləri artıq 35-40 yaşındakı insanlarda da rast gəlinir. Demək istəyirəm ki, bu proses dalğavaridir. Cəmiyyətdə iqtisadi vəziyyət güclü olursa, təbabət inkişaf edirsə (Yaponiya, Skandinaviya ölkələri kimi), onda ömrün uzunluğu da daha yüksək olacaq. Bir məsələni də qeyd edim ki, insanların qocalması da fərdi şəkildə baş verir. Elə nəsillər var ki, onlara "həmişəcavan" deyirlər. Yəni onlarda nəsillikcə 60, 65, 70 yaşında insanlar daha cavan görünürlər. Elə nəsillər də var ki, adamın 50 yaşından sonra saçı-başı ağarır və daha yaşlı görünür. Deyirlər, o nəsil genetik olaraq tez qocalır.

- Necə düşünürsünüz, bugünkü həyat şəraitinin daha modern olması yaş amilinə təsir göstərirmi?

- Əlbəttə ki, həyat şəraitinin daha modern olması yaş amilinə çox təsir göstərir. Məsələn, qabaqlar iş prosesində fiziki əmək daha çox tələb olunurdusa, indi insanlarda, xüsusən şəhər əhalisində, fiziki əməyin, demək olar ki, təsiri olmur, amma onun da yaş amilinə ikili təsiri ola bilər - həm müsbət, həm mənfi təsiri. Mənfi təsir hərəkətsizlik, ürək-qan-damar sistemində patoloji dəyişikliklərin yaranması, aşağı ətraflarda artrozların yaranmasıdır. Müsbət təsirləri isə odur ki, vaxta qənaət edilir, xüsusilə, iş qadınlarının həyatını yüngülləşdirir, stresin azalmasına səbəb olur.

- Yaş təsnifatlarına yenidən baxılmasına ehtiyac varmı?

- Yaş təsnifatına yenidən baxılmasına elə bir ehtiyac görmürəm. Çünki fizioloji proseslərin də gedişatı var. Yəni insan orqanizminin inkişafı məsələsi var və həmin inkişaf prosesi uşağın anadan olduğu gündən başlayır. Qeyd edim ki, yeni doğulan körpənin üç yaşına qədərki müddətində belə, müxtəlif dövrlər var - südəmər dövr, erkən körpəlik dövrü və s. Bu üzdən yaş təsnifatına yenidən baxmağa ehtiyac görmürəm.


Etiketlər:  Gənclik qocalıq Sərhədlər harada başlayıb harada bitir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ