Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mariya Stadnik: “Avropada çəkinin “avtoritet”i özüməm” - MÜSAHİBƏ

Mariya Stadnik: “Avropada çəkinin “avtoritet”i özüməm” -  MÜSAHİBƏ

Tarix: 16 Fevral 2024 16:28

10 qat Avropa çempionu olan Azərbaycan güləşçisi Mariya Stadnikin (50 kq)  İdman.Biz-ə müsahibəsini təqdim edirik:

- Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında növbəti qızıl medal qazandız. Çıxışınızı necə şərh edərdiz?

- Əlbəttə, şadam. Ötən il doqquzuncu dəfə Avropa çempionu olanda demişdim ki, öz ölkəmin adını ucaltmaq, himnini səsləndirmək üçün Azərbaycan bayrağını 10-cu dəfə yüksəyə qaldırmaq istəyirəm. Söz verdiyim kimi, bunu dünən reallaşdırdım.

- Əvvəlki çempionluğun ilə yubiley çempionluğun arasında hansı fərq var? 10-cu dəfə Avropa çempionu oldunuz. Sizcə hansı daha dəyərlidir?

- Mənəvi planda mənim üçün xüsusi yarış idi. Axı, yubiley qələbəm idi. Ölkəm, qadın güləşi və karyeram üçün tarix yazdım. 10 gözəl rəqəmdir. Faktiki olaraq rəqəmlər bir-birindən fərqlənmir. Bu, sadəcə rəqəmlərdir və başa düşürsən ki, qələbə yubiley xarakterlidir. Yəqin ki, mənim son Avropa çempionatım idi. Prinsipcə, bunu zaman göstərəcək. Çıxışlarımı gözəl notla bitirmək istəyirdim. Hərçənd, 11 də yaxşı rəqəmdir (gülür).

- Artıq bu qələbənlə bir daha sübut etdin ki, Avropada rəqibiniz yoxdur. Bununla razısınızmı?

- Demək olmaz ki, rəqib yoxdur. Həmişə var. Onlar yetişirlər. Amma hələlik Avropada bu çəkidə "avtoritet" mənəm. Bunu 10 dəfə sübut etmişəm. Bu qızıl mənə motivasiya verir.

- Finalda türkiyəli Evin Demirhanla aranızda hansısa problem yaşanmışdı ki, o, sonda sizinlə görüşmədi?

- Türkiyəli idmançını fəndlə atanda məni dişlədi. Bunun təsadüf olduğunu düşündüm. Amma fəndi bitirdikdən sonra gördüm ki, dişlərini mənim dərimdən bir parça qoparacaq kimi sıxıb. Çünki dişlərini buraxmırdı. Ona dedim ki, belə olmaz, təsadüfən alınar, amma belə yox. Onun emosiyalarını başa düşürəm. Adam uduzanda, amma yenə də... Qabırğamda çapıq qalıb. Onunla söhbət etdik, yaxşı qızdır, başa düşdü və üzr istədi. Emosiyalarda olduğunu bildirdi.

- Yubiley çempionluğun kolleksiyanda olmayan Olimpiya çempionluğuna nə dərəcədə təsir edəcək?

- 35 yaşım və Paris-2024 Yay Olimpiya Oyunlarında da az qalıb. Avropa çempionatında gördüm ki, yaşım üçün çox yaxşı formadayam. Parisə gedəcəm və hər şey yaxşı olacaq.

- Böyük azarkeş kütləniz var. Onlarla sevincinizi necə bölərdiz?

- Yubileylərdə arxada qalan dövrə yekun vurursan. Mən də bu illər ərzində yanımda olan bütün komandama təşəkkür etmək istəyirəm. Çünki siz xalçada məni görürsüz, onun arxasındalıları görmürsüz. Bunlar məşqçilər, federasiya, masajçılar, həkimlər, psixoloq, sparrinq rəqiblərdir. Bu, komandanın ümumi əməyidir. Buna görə də belə insanları qarşıma çıxardığı üçün Allaha təşəkkür edirəm. Komandam və ölkəm üçün tarix yazmağımda onların rolu böyükdür. Hər kəsə, əlbəttə ki, məni dəstəkləyən Azərbaycan azarkeşlərinə də təşəkkür edirəm. Məni necə sevdiklərini bilirəm. Sağ olsunlar.


Etiketlər:  Mariya Stadnik Avropada çəkinin avtoriteti özüməm MÜSAHİBƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ