Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Klinsman istefaya göndərildi

Klinsman istefaya göndərildi

Tarix: 16 Fevral 2024 19:36

Yurgen Klinsman Cənubi Koreya milli komandasının baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki,  bu barədə Koreya Futbol Assosiasiyasının (KFA) prezidenti Çunq Monq-kyu qurumun rəhbər heyəti ilə 2 saatlıq toplantıdan sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. Tanınmış mütəxəssisin vəzifəsindən uzaqlaşdırılmasının səbəbi Qətərdə keçirilmiş Asiya kubokunda Cənubi Koreya milli komandasının uğursuz iştirakıdır. Klinsmanın komandası yarımfinal mərhələsində reytinq cədvəlində özündən 64 pillə aşağıda olan İordaniyaya məğlub olaraq, Cənubi Koreyanın Asiya çempionu olmaq arzusunun üstündən xətt çəkib.

KFA-nın prezidenti Çunq Monq-kyu dünya çempionatının seçmə mərhələsində martın 21-də Seulda Tailand yığması ilə oyunadək Cənubi Koreya millisinə rəhbərlik edəcək şəxsin müəyyənləşdiriləcəyini də açıqlayıb.

Qeyd edək ki, Yurgen Klinsman ötən ilin fevralında Cənubi Koreya millisinə baş məşqçi təyin edilmişdi. Onun müqaviləsi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının sonuna qədər idi. Cənubi Koreya millisi Yurgen Klinsmanın rəhbərliyi altında rəsmi görüşlərdə 8 qələbə qazanıb, 6 dəfə heç-heçə edib, 3 oyundan məğlub ayrılıb. Almaniyalı mütəxəssisin Cənubi Koreya yığmasındakı maaşı ildə 2,2 milyon ABŞ dolları olub. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi üçün KFA almaniyalı mütəxəssisə kompensasiya ödəməlidir.

Almaniya futbol tarixinin ən yaxşı oyunçularından olan Yurgen Klinsman oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb. Ötən müddətdə Almaniya (2004-2006) və ABŞ millisinin (2011-2016), habelə "Bavariya" (2008-2009) və "Herta" (2019-2020) komandalarının baş məşqçisi olub. O, dünya (2010, 2018, 2022) və Avropa (2020) çempionatları üçün ESPN və BBC televiziya kanallarında mütəxəssis kimi çalışıb.


Etiketlər:  Klinsman istefaya göndərildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ