Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atamın və qardaşlarımın başını erməni məzarının üstündə kəsiblər, anamla tək qaldım”- FOTOlar

“Atamın və qardaşlarımın başını erməni məzarının üstündə kəsiblər, anamla tək qaldım”- FOTOlar

Tarix: 26 Fevral 2024 12:46

"İllər keçsə də Xocalıda yaşadığımız o ağrı, acı unudulmur. Yada düşəndə bir daha yaramız sızıldayır. O acıları uşaq olduğum üçün o vaxt hiss etmirdim. Bu gün isə dərk edirəm. Bu günlərdə anamla birlikdə Xocalıya getdim. Anam ağlaya-ağlaya həm atamı, həm də qardaşlarımı çağırırdı.. İlk olaraq Milli Qəhrəmanımız Allahverdi Bağırovun məzarını ziyarət etdik. Bu illər ərzində anamın göz yaşı qurumadı. 30 il hamımız Qarabağlı olub Qarabağımızı qaytardıq, indi də Qərbi Azərbaycanlı olub oranı geri almalıyıq. Bizim əslimiz Qərbi Azərbaycandandır. 1988-ci ildə Qərbi Azərbaycandan köç edəndə qardaşım Sərvər çayda boğularaq ölüb. Anam 32 ildir bu qədər dərdlə yaşayır"
 
Sonxeber.net bildirir ki, bunu moderator.az-a Xocalıda ailə üzvləri ilə ermənilərə əsir düşən Mürvət Məmmədov deyib.  O daha sonra həmin günləri xatırlayıb. Yaşamadığı uşaqlığını..

"Uşaq idik, amma hər şeyi anlayırdıq. Bütün kənd camaatı Xocalının müdafiəsinə qalxmışdı. Balacadan-böyüyə qədər hamı öz doğma torpağının keşiyində idi. Ermənilər hər gün hücum edirdilər, dava salırdılar, hədə-qorxu gəlirdilər. Böyük qardaşlarımla atam da həmin postlarda olurdu. Mən və kiçik qardaşım isə evdə olurduq. 4 aya yaxın Xocalı blokadada idi, giriş-çıxış bağlı idi. Xocalı aeroportu Əlif Hacıyevin rəhbərliyi ilə qorunurdu. Bundan başqa Tofiq Hüseynov, Bakıdan gəlmiş Aqil Quliyevin rəhbərliyi ilə də Xocalıda özünümüdafiə batalyonu yaradılmışdı. Qardaşım postdan evə gəlib dedi ki, "ana, hazırlı olun, deyəsən ermənilər Xocalıya giriblər". Bu sözdən bir neçə dəqiqə sonra qardaşımla atam içəri girdi. Qonşuluqda olan bir qoca kişi yaralanmışdı. Onu evə gətirdilər ki, tibbi yardım göstərsinlər. Bir də gördük ki, evimiz mühasirəyə alınıb. Gücümüz əlbəttə ki, bərabər deyildi, atam evdə saxladığı ov silahı ilə müqavimət göstəməyə başladı. Erməni evimizə əl qumbarası atdı. Qonşumuz və azyaşlı övladı öldü. Mən ayağımdan, anam isə kürəyindən yaralandıq. Təslim olmayanda onlar qapını qıraraq içəri girdilər. Bizi ağzıüstə yerə uzatdılar, atamın və qardaşımın təslim olmağını istədilər. Hamımızı bir otağa yığdılar ki, bizi yandırsınlar. Balaca qardaşım danışa bilmirdi, körpə uşaq idi. Ermənilərə dedi ki, "bizi öldürməyin".
 
Bizi təpikləyə-təpikləyə, döyə-döyə Əsgəran rayonu Polis İdarəsinə gətirdilər. Əsirlik həyatımız bundan sonra başladı. Biz olduğumuz otaqda əsirlər çox idi. Böyük qardaşım Möhlət ermənilərin zülmünə dözməyib onları itələdi. Soruşdular ki, bu uşağın atası kimdir? Atamla böyük qardaşımı bizdən ayırıb apardılar. O qədər zülmlər görürdük ki.. Yaşamağa ümidimiz belə yox idi.. Mən və kiçik qardaşım ağlaşırdıq ki, atamızı və digər qardaşlarımı bizdən ayırıblar. Qardaşımın da doğum günü idi. Ağlayırdı ki, mənim doğum günümdür. Dedilər ki, sənə hədiyyə verəcəyik. Avtomatı gətirib bütün əsirlərin gözünün qabağında əlinə dirəyib, əlinin içindən atəş açdılar. Əlini qan götürdü.. Onlar bu əzab-əziyyətlərdən zövq alırdılar. Əsirlərin başını kəsib, top kimi oynayırdılar. Bizə göstərirdilər, təsir etmək istəyirdilər. Milli Qəhrəmanımız Allahverdi Bağırovun köməyi ilə biz əsirlikdən azad edildik. Bir muzdlu zənci var idi, onun meyiti ilə 80 insanı dəyişdilər. 80 nəfərin içində də mən də daxil olmaqla ailə üzvlərimin 5 nəfərini dəyişdilər. Atamla qardaşlarım orada qaldı. Uzun illər gözümüz yollarda qaldı ki, bir xəbər çıxar. 2007-ci ildə efirdə gedən bir fılmdən bizə məlum oldu ki, atamın və qardaşlarımın başını erməni məzarının üstündə kəsiblər. Bizim əsirlərdən çağırıblar ki, gəlin onları basdırın (kövrəlir). Bunu da hadisə şahidləri efirdə danışıb" deyə keçmiş əsir bildirib.
 


Etiketlər:  Atamın qardaşlarımın başını erməni məzarının üstündə kəsiblər anamla tək qaldım FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ