Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hacıbaba Bağırovun qızı indi haradadır? - "Hər dəfə Bakıya gələndə..." - FOTOLAR

Hacıbaba Bağırovun qızı indi haradadır? -

Tarix: 4 Mart 2024 11:50

"Hacıbaba Bağırovun övladı olmaq gözəl, ali bir hissdir. Çox xoşbəxtəm, qürurluyam ki, Hacıbaba Bağırovun qızıyam. Bu bilirsiniz necə bir hissdir? İnsanların sevimlisi, istəklisi olan böyük bir sənətkar mənim atamdır"
 
Milli.Az bildirir ki, bunu moderator.az-a özəl açıqlamasında xalq artisti Hacıbaba Bağırovun qızı Şölə Bağırova deyib. O daha sonra əlavə edib.
 
"Dünyaya gəlişimə, dil açmağıma, ilk addım atmağıma atam o qədər sevinib ki. Cümlə qurub danışmağımı səbirsizliklə gözləyib. Anam deyir ki, səndən sonra həyatda yaşamaq eşqi daha da artıb. Bütün arzuları mənimlə bağlı olub. Mən dil açıb danışanda artıq atam xəstəxanada idi. Hətta anam onunla telefonda danışanda, yanına yemək aparanda telefonu anamın əlindən alıb ona demişəm ki, "papa, gəl yeməyini evdə ye". İlk cümləmi atam eşidib. Sonra anama demişdi ki, "iki günə evə gedib, Şöləni doyunca oynadacam". İki gün öncə də anam məni xəstəxanaya aparıb. Atam yataqda görüb doluxsunmuşdum. Ona görə də atam demişdi ki, "Şöləni yanıma gətirmə, uşaq pis olur". Anam danışır ki, atan dünyasını dəyişməzdən öncə deyib ki, "balam yetim qaldı". Anam onu sakitləşdirib deyib ki, "sənin kimi atası var, niyə yetim qalır ki?". Təəssüf ki, atam bu sözdən bir neçə dəqiqə sonra dünyasını dəyişib. Atamı itirəndə 3 yaşım olub. Təəssüf ki, onunla bağlı çox az xatirə yadımda qalıb. Evdəki video çəkilişlərinə, şəkillərə baxıram, anamın və nənəmin danışdığı xatirələrə qulaq asıram və atamın məni nə qədər çox sevdiyini başa düşürəm. Əlbəttə ki, bu günki nailiyyətlərimdə atamı da yanımda görmək istərdim. Hər uğurumu, sevincimi, kədərimi atamla bölüşmək istərdim. Hər bir qız övladı kimi ata sevgisinə ehtiyacım var. Anam mənə həm də ata olub. Atasızlığı çalışıb ki, mənə yaşatmasın" deyə o bildirib.

Şölə Bağırova atasının onunla bağlı arzularını da dilə gətirib.

"Atam mənim həkim olmağımı arzulayırdı. Həmişə də istəyib ki, əlimdən tutub məni 1-ci sinfə aparsın. Çox təəssüf ki, bu arzusu yerinə yetmədi. Məni özü ilə bərabət teatra aparırdı. Hətta tamaşaçı zalında atamın tamaşalarına müdaxilə də etmişəm (gülür). Bir çox tamaşalarında sonda mən də onunla tamaşaçı qarşısına çıxıb, baş əyirdim. Bir ara aktyor sənətinə həvəsim yaranmışdı. Amma hiss etdim ki, bu sənət çox çətindir. Parlamaq, işıqlı olmaq, sevilmək hər kəsə qismət olmur. Yaşa dolandan sonra siyasətə marağım artdı. Hazırda Ankarada, Hacettepe universitetində siyasi elm və dövlət idarəçiliyi fakültəsində inglis dilində təhsil alıram. Siyasətə hər zaman marağım olub. Harada təhsil alsam da gələcəkdə öz ölkəmdə çalışacam. Hər dəfə Bakıya gələndə teatra gedirəm. Bu bəlkə də ondan irəli gəlir ki, ilk addımlarımı da teatrda atmışam. Bir çox tamaşalara gedirəm, teatrda huzur tapıram. Ora mənə çox doğma gəlir" deyə sənətkarın övladı bildirib.

Milli.Az


Etiketlər:  Hacıbaba Bağırovun qızı indi haradadır Hər dəfə Bakıya gələndə FOTOLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ