Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makron Şoltsu TƏHQİR ETDİ: "Qorxaq olmaq..."

Makron Şoltsu TƏHQİR ETDİ:

Tarix: 10 Mart 2024 13:10

2022-ci il iyulun 4-də Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun qatıldığı şəxsi şam yeməyində ikitərəfli əlaqələrin gücləndirilməsi planlaşdırılırdı, lakin Fransa lideri bu sözləri deyib: "Bu, heç də asan olmayacaq". İki lider arasında soyuq küləklərin əsdiyi bütün dünyaya məlumdur. Son günlər üstüörtülü atmacalar fikir ayrılıqlarının hər keçən gün daha da dərinləşdiyini ortaya qoyur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, "The New York Times" qəzeti Almaniya və Fransa arasında sarkazmın Avropada kritik bir dövrdə daha sərtləşdiyini yazıb.

Makronun Praqaya səfəri zamanı irəli sürdüyü "Ukraynaya qoşun yeritmək" ideyası xüsusilə Almaniyanı narahat edib. Fransa lideri Almaniyanın etirazına "Avropa qorxaq olmamağın lazım olduğu bir anla üz-üzədir" deyə cavab verib.

Bu cavab Berlində "təhqir" kimi qəbul edilib. Almaniyanın müdafiə naziri Boris Pistorius Makrona verdiyi cavabda "Bizim cəsarətlə bağlı müzakirələrə ehtiyacımız yoxdur" deyib.

1945-ci ildən bəri Fransa-Almaniya münasibətləri Avropanın bütövlüyü və gücü üçün həyati əhəmiyyət kəsb edir, lakin iki lider Avropanın düz yanında davam edən Ukrayna müharibəsində ortaq mövqe tutmaq əvəzinə, Ukraynaya hansı ölkənin daha çox yardım etdiyi barədə mübahisə etməyə başlayıblar. 

ABŞ-ın "New York Times" qəzetində dərc olunan təhlilə görə, Makronun "Ukraynaya Qərb qoşunları göndərilə bilər" açıqlaması səhvlərdən çəkinən və Ukraynaya külli miqdarda pul xərcləmək istəməyən biri kimi görünən Şoltsu hiddətləndirib.

Makron Avropa ilə Moskva arasında mümkün münaqişədə "vahid müdafiənin" vacibliyini vurğulayır. Almaniya Ukraynaya Fransadan qat-qat çox maliyyə və hərbi yardım göstərsə də, Rusiya ilə birbaşa qarşıdurmada ehtiyatlı davranır. Bu səbəbdən Ukraynaya Rusiyanın dərinliklərinə enə bilən uzaqmənzilli raketlər verməkdən imtina edir.

Fransadan fərqli olaraq, nüvə dövləti olmayan Almaniyada əksəriyyət Fransa liderinin Almaniyanın müharibə ilə bağlı tarixi həssaslığına və strateji zəifliyinə məhəl qoymadığı qənaətindədir.

Almaniyalı analitik Ulrix Spek Makronun Ukrayna bəyanatlarını belə dəyərləndirib: "Makronun təcililik hissi yaratmaq səyi müsbət qarşılanır, lakin bu konkret deyil və hərəkətə keçmir. Avropanın Ukrayna böhranını həll etmək üçün heç bir fövqəladə planı görmürük".

Britaniyanın "Times" qəzeti Avropa İttifaqının ən böyük və yeganə nüvə hərbi gücü olan Fransanın özünü "anti-Rusiya şahini" kimi rebrendinq etdiyini, lakin bu vəziyyətin Almaniyanı narahat etdiyini yazıb.

Xarici media yazır ki, Almaniya kansleri Şolts az qala Makronu danlayaraq, Avropa və NATO ölkələrindən əsgərlərin Ukraynaya göndərilməyəcəyini desə də, Fransa liderinin ölkədəki müxalifət partiyalarının liderləri ilə görüşündə "Rusiya ordusu Kiyevə və ya Odessaya hücum etsə, Fransa ordusu birbaşa müdaxilə etməli ola bilər" dediyi iddia edilib.

Milli.Az


Etiketlər:  Makron Şoltsu TƏHQİR ETDİ Qorxaq olmaq


RƏYLƏR