Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Son 25 ildə millimiz belə çətin qrupa düşməyib'' - Qara Qarayev

''Son 25 ildə millimiz belə çətin qrupa düşməyib'' -  Qara Qarayev

Tarix: 17 Noyabr 2019 00:36

Azərbaycan millisinin üzvü Qara Qarayev Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda evdə Uels yığmasına 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Əlimizdən gələni edib, xal qazanmaq istəyirdik. Ən azından 1 xal bizim üçün yaxşı nəticə olardı. Amma düşünürəm ki, oyuna pis başlamamışdıq. Sadəcə, standart vəziyyətdən buraxdığımız qol bizi geriyə saldı. Xüsusilə ilk hissə yaxşı oldu, hücumlara çıxa bildik. Hətta, mübahisəli deməzdim, dəqiq penalti epizodumuz oldu. Onu da hakim vermədi. İlk hissənin 2:0 hesabı ilə bitməsi bizim motivasiyamızı aşağı saldı. Bəlkə, fasiləyə 1:0 hesabı ilə yollansaydıq, 2-ci hissədə hücumlarda daha aktiv olacaqdıq.

- Sanki əvvəlki 2-3 görüşdəki oyun keyfiyyəti bu gün yox idi.

- Birinci hissədə lazımı qədər yaxşı oynadıq. Hücumlara çıxdıq, cərimə meydançasında təhlükəli vəziyyət yaratdıq. Sizin dediyinizə haqq qazandırıram ki, ikinci yarıda aktiv ola bilmədik.

- Birinci hissədə hakim penatli qeydə alsaydı və hesab 1:2 olsaydı, ikinci hissə necə olacaqdı?

- Necə olacağını demək çətindir. Motivasiya baxımından bizim üçün faydalı olacaqdı. Hesabın 2:0 olması oyunumuzu hər dəqiqə daha da aşağı salırdı.

- Düşünürmüsən ki, Kardiffdəki oyunda daha layiqli mübarizə göstərmişdiniz, nəinki burada?

- Xüsusilə qeyd etmək istəyirəm ki, nəticə baxımından biz orada 1:0 geri düşdüyümüzdən sonra cavab qolunu vurduq. Amma burada hesabın 2:0 olması bütün planlarımızı pozdu. Hesab 1:0 olanda, 1 top fərqi olanda daha mübariz oynayırıq.

- Hakimin penalti qeydə almadığı epizodda həqiqətən də qayda pozuntusu vardı. Amma ikinci hissədə ümumiyyətlə, ötürmələr də alınmırdı. Bunlar motivasiyanın düşməsi ilə əlaqədar idi?

- Bəhanələr gətirmək istəmirəm. İkinci hissədə sözsüz ki, komandada yorğunluq da vardı. Uels yığması daha çox topla oynayıb, bizi yordu. Əlaqələndirmək istəmirəm, amma hər halda 1:0 hesabı bizim üçün daha yaxşıdır, nəinki 2:0. Çünki fərq 1 top olanda nə isə qazanmaq şansın olur.

- VAR sistemi olsaydı, millimizim qrupdakı nəticəsi yenə də 1 xal olardı?

- Ən azından bu gün 1 yox, 2 xalımız olardı.

- Son 25 illik statistikaya baxsaq, Azərbaycan yığması heç vaxt bu seçmə mərhələdəki kimi aşağı nəticə göstərməmişdi.

- Son 25 ildə millimiz belə bir qrupa düşməyib.

- Bundan daha güclü-  Almaniyanın, Rusiyanın olduğu qruplarda daha çox xal qazanmışıq. Rusiyaya 2 oyunda uduzmamışdıq.

- Neçə xal topladığımızı xatırlamıram. Amma bu qrup çox güclüdür.

- Maraqlıdır, Azərbaycanı futbol tərəfdən Avropanın və ya Asiyanın hansı ölkəsi ilə müqayisə edə bilərik? Yəni, elə bir ölkə var?

- Mən həmişə İspaniya ilə müqayisə olunmasını istəmişəm. Sizin hansı ölkə ilə müqayisə etdiyinizi bilmirəm.

- Son oyunda Slovakiya ilə qarşılaşacaqsız. Hazırkı nəticəni yaxşılaşdırmaq mümkün olacaq?

- İndiki dönəm futbolçular üçün çox çətindir. Çünki formal xarakter daşıyan bir oyuna çıxacağıq. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Futbolçu psixologiyası bu cür oyunlara köklənməkdə çətinlik çəkir.

 


Etiketlər:  ildə millimiz belə çətin qrupa düşməyib Qara Qarayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ