Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2024 15:27
Bugün Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Artıq Xankəndidə Novruz tonqalı qalanır, qədim bayramımız illərlə düşman tapdağı altında qalan torpaqlarımızda keçirilir. Bu ölkə başçısının uğurlu siyasətinin, nüfuzunun, xalqın iradəsinin, gücünün, qəhrəmanlığının, xalqın dəmir yumruq ətrafında birləşməsinin nəticəsidir. Buna hər bir azərbaycanlı, türk sevinir. Lakin, özünü azərbaycanlı kimi təqdim edib, əslində düşmənə xidmət edənləri uğurlarımız narahat edir. Bu şəxslərdən biri də çoxlarının tanıdığı Arif Yunusdur.
Hazırda Hollandiyada yaşayan hüquq müdafiəçisi kimi fəaliyyət göstərən Leyla Yunusun həyat yoldaşı Azərbaycan Sülh və Demokratiya İnstitutunun Konfliktologiya və Miqrasiya şöbəsinin rəhbəri, tarix elmləri namizədi Arif Yunus aşkar şəkildə Qərbin maraqlarını müdafiə edir. Bir sıra nəşrlərdə çıxan məqalələrdə ekspert qismində çıxış edən, Ermənistanda tədbirə qatılan, Avropa Parlamentində Ermənistanı müdafiə edən şəxsin erməni əsilli olması şübhə doğurmur. Buna dair yerli mediada dəfələrlə faktlar üzə çıxarılıb.
2015-ci ildə məhkəmə prosesində Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla sıx münasibətləri üzə çıxan Arif Yunus hələ də ermənilərlə oturub-durur, onlar nə desə onu təkrarlayır. Məsələn, onun qərbyönümlü saytda "Ekspertlərin fikrincə, Rusiya Azərbaycanı Ermənistana hücum etməyə sövq edir, lakin Əliyev Qərbin sanksiyaları təhlükəsi səbəbindən genişmiqyaslı müharibədən qorxur" başlıqlı məqalədə ekspert qismində söylədiyi fikirlər bunun bariz nümunəsidir. Belə ki, Azərbaycana qarşı əsassız və boş ittihamlar səsləndirən Arif Yunus məqalədə əsl üzünü bir daha göstərib. Azərbaycanın ərazi bütövlüyünü tamamlamasını Putinin Paşinyanla münasibətləri ilə əlaqələndirən Arif Yunusun yazdığına görə, 2020-ci ildə Azərbaycan Rusiyanın razılığı olmadan "Dağlıq Qarabağda" hərbi əməliyyatlara başlaya bilməzdi.
Bundan əlavə, iki gün əvvəl Avropa Parlamentində "Bakıda saxlanılan erməni hərbi əsirlər" mövzusunda keçirilən konfransda başda oturanlar sırasında Arif Yunus da olub. "Armenpress"in yazdığına görə, tədbirə Ermənistan parlamentinin deputatları və Tiqran Balayan da qatılıb: "Konfransın əsas çıxışçıları Ermənistanın beynəlxalq hüquq üzrə nümayəndəsi, "Şərqi Avropa" proqramının direktoru Yeqişe Kirakosyan, Cənubi Qafqaz" proqramları: insan hüquqları sahəsində beynəlxalq əməkdaşlıq" adlı qurumun (IPHR) rəhbəri Simon Papuaşvili, beynəlxalq hüquq üzrə mütəxəssis, "Legal Path" ictimai təşkilatının həmtəsisçisi Siranuş Saakyan, Sülh və Demokratiya İnstitutunun miqrasiya şöbəsinin müdiri Arif Yunus və "Covcas" Hüquq və Məskunlaşma Mərkəzinin sədri Hilda Çobanyan olublar".
Bu kimi təxribat xarakterli mövzunun Avropa Parlamentində müzakirəsi bizim üçün nə qədər təəccüb doğurmasa da, eləcə də Arif Yunusun tədbirdə iştirakı eyni təsir bağışladı. O qədər erməninin içində bir "azərbaycanlı"nın orada olması sadəcə təəssüf hissi doğultdu. Aydın məsələdir ki, o, Qərbdən aldığı qrantlar hesabına Azərbaycana qarşı ittihamlar səsləndirməyə davam edir.
Arif Yunus kimi sapı özümüzdən olan baltalar az deyil. Bu kimi şəxslər düşmən dəyirmanına su tökməkdən başqa bir işə yaramırlar. Onlar hər zaman elə açıqlamalar verirlər ki, ermənilər "bəh-bəhlə" bu məqalələri saytda dərc edirlər. Cəmiyyətdə yanlış fikir formalaşdıran, reallıqları gizlədərək düşmənə tam fərqli şəkildə təqdim edən, aldığı qrantları vətənindən üstün tutan Arif Yunus kimilərin şəxsiyyəti hər kəsə məlumdur. Necə deyərlər, elin gözü tərəzidir.
İslam