Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elvin Cəfərquliyev niyə aqressiv davranır? - VİDEO

Elvin Cəfərquliyev niyə aqressiv davranır? - VİDEO

Tarix: 27 Mart 2024 17:02

Son zamanlar "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin meydana çıxdığı matçlardakı aqressiv hərəkətləri müzakirə mövzusuna çevrilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, futbolçunun hakimlərə qarşı davranışı, qırmızı vərəqələr alması həm futbol azarkeşləri, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilir.

Onun bu cür davranışları həm də komandanın nəticələrinə öz təsirini göstərir.  

Belə ki, Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə keçirilən cavab oyununda (2:3) hakimə tüpürməsi həm oyunun gedişatında təsir etmişdi, həm də 1/8 finalda qarşılaşacağı Almaniya nəhəngi "Bayer" (Leverkuzen) ilə oyunda heyətdə ola bilməmişdi. Həmçinin bu matçdan sonra futbolçu instaqram hesabında etdiyi paylaşımla tənqid hədəfinə çevrilmişdi. E.Cəfərquliyev hesabında  "Braqa" ilə matçda hakimə tüpürdüyü epizodu  "azərbaycanlı olduğunu demədən göstər" başlığı ilə paylaşaraq intizamsız davranışların davam etirmişdi. 

23 yaşlı futbolçu Avropa Liqasının 1/8 mərhələsində "Bayer"lə (2:3) keçirilən səfər oyununda qırmızı kart almışdı. Nəticədə komandasının azlıqda qalıb güclü rəqibi qarşısında əziyyət çəkməsinə səbəb olmuşdu. Elə E.Cəfərquliyevin meydanda olmamasının da təsiri ilə almanlar 3 qol vurub geridönüş edərək "Qarabağ"ı məğlubiyyətə uğratmışdı.

Bu oyunlardan sonra tənqid hədəfinə çevrilən müdafiəçi etdiklərindən nəticə çıxarmaq əvəzinə daha bir hərəkəti ilə gündəmə gəldi. Belə ki, o, martın 25-i Azərbaycan yığmasının Bolqarıstan millisi ilə keçirilən oyunundan (1:1) sonra hakimə qarşı sərt davranışları ilə diqqət çəkdi. Həmin görüntülərdən sonra isə sosial şəbəkə istifadəçiləri Elvin Cəfərquliyevin aqressiv hərəkətləri qınadılar.

Maraqlıdır ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının və futbolçuların nizam intizamına xüsusi diqqət yetirsə də, hələ ki, E.Cəfərquliyevin problemləri aradan qalxmır. Futbolçu etdiyi yanlışlardan sonra tənqid edildiyi halda sosial şəbəkə hesablarında bu mövzuları paylaşaraq tərəfdarları daha da qıcıqlandırır. Yəqin ki, Qurban Qurbanov milli komandadakı matçdan sonra hakimə qarşı aqressiv davranan Elvinlə bağlı hansısa tədbir görəcək.  

Milli.Az


Etiketlər:  Elvin Cəfərquliyev niyə aqressiv davranır VİDEO


RƏYLƏR