Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2024 20:58
Qan verməyin qarşı tərəfin həyatını qurtarmaqla bərabər, donorun sağlamlığı üçün də müsbət əhəmiyyəti var. Ancaq məsələ təkcə qan verən şəxsin sağlamlığı ilə məhdudlaşmır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, donorların müəyyən hüquqları mövcuddur və ölkə qanunvericiliyi ilə qorunur.
Bəs bu hüquqlar nədən ibarətdir?
"Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Qanuna görə, donorlar tibbi müayinədən keçdikləri, qan verdikləri gün işə cəlb olunmurlar. Buna baxmayaraq, özəl və ya dövlət müəssisəsində çalışmalarından asılı olmayaraq onlara həmin gün üzrə də əməkhaqqı ödənilməlidir. Həmçinin qan vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunmalıdırlar.
Qan verən zaman donorlar, həmçinin qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin edilməlidirlər.
Ən əsası isə hər dəfə qanı pulsuz (əvəzsiz) verən işləyən şəxslərə əlavə istirahət günü verilməlidir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər. Bu müddəa Əmək Məcəlləsində də öz əksini tapıb.
Bundan başqa, qan verilməsi ilə bağlı sağlamlığının pozulması nəticəsində şəxsə dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini qanunla müəyyən edilmiş qaydada almaq hüququ var.
Eyni zamanda, qan verilməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə isə işləyən şəxsə müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır. Şəxsin qan verməyi ilə əlaqədar əlilliyi müəyyən edildikdə, onun əlilliyi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmələ gələn əlilliklə bərabər tutulur.
Qanunvericiliyə görə, qanın, qan komponentlərinin donorluğu pulsuzdur. Lakin pullu donorluq zamanı şəxsin verdiyi qan və qan komponentləri üçün haqq almaq hüququ var. Belə ki, müstəsna hallarda qanın, qan komponentlərinin donorluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və şərtlərlə pullu olması mümkündür.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş "Qanın, qan komponentlərinin pullu donorluğunun qaydası və şərtləri"nə görə, qana, qan komponentlərinə olan tələbatı tam ödəmək mümkün olmadığı hallarda (donor qanına təcili və təxirəsalınmaz ehtiyac yarandıqda) pullu donorlardan istifadə edilə bilər. Donor qanına təcili və təxirəsalınmaz ehtiyac yaranarsa, verilən qana görə haqq alan donorlar qan bankına donorların çağırışı üzrə məsul işçi tərəfindən dəvət olunur və müvafiq qaydada qan verirlər.
Qan banklarında qeydiyyatda olan, mütəmadi qan verən donorlar ərizə ilə müəssisə rəhbərliyinə müraciət edərək rəhbərliyin razılığı ilə pullu donor kimi qəbul edilirlər. Pullu donorlara Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qiymətlər əsasında, verdikləri qanın həcminə uyğun olaraq müvafiq haqq ödənilir. Haqq müəyyən olunmuş qaydada müəssisənin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına verilir.
Qanunla qanın, qan komponentlərinin gəlir əldə etmək məqsədilə başqa dövlətlərə satılması isə qadağandır.