Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 13:52
Bakı. İlhamə İsabalayeva - Trend:
Bakıda ümumi təhsil müəssisələrinin “Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq müsabiqəsi keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, müsabiqə şagirdlərin elmi axtarışlara sövq edilməsi, müasir tədqiqat metodlarına yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, “Kiçik Akademiya”ların fəaliyyətinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilərinə xidmət edir.
VIII-X sinif şagirdləri arasında keçiriləcək müsabiqə çərçivəsində məktəblilər onlara təqdim olunan mövzular (məktəb ekologiyası, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri, plastik qablaşdırmadan istifadənin orqanizmə mənfi təsiri, alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti, alternativ və bərpa olunan enerjinin istifadəsi, səs-küy çirklənməsi, ekologiya və iqtisadiyyat, Azərbaycanın biomüxtəlifliyi, cəmiyyət və təbiət arasında qarşılıqlı əlaqələr) üzrə araşdırma aparacaqlar.
Paytaxtın 12 inzibati rayonu üzrə keçirilməsi nəzərdə tutulan müsabiqə 3 mərhələdən ibarətdir. Müsabiqənin I (məktəbdaxili) mərhələsində hər məktəbdən bir şagirdin ən yaxşı araşdırma işi müəyyənləşdirilərək II mərhələyə təqdim olunacaq. II mərhələnin nəticələrinə əsasən 30 tədqiqat işi seçilərək final mərhələsində dinləniləcək. III mərhələdə isə 9 ümumi təhsil məktəbi müvafiq olaraq I, II, III və həvəsləndirici yerlərə (2 məktəb I, 2 məktəb II, 3 məktəb III və 3 məktəb həvəsləndirici) layiq görüləcək.
Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin