Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 20:32
"İlk matçın son dəqiqələrində buraxdığımız qol rəqibə əlavə motivasiya verirdi. Rəqibin geridə qalan üç həftə ərzində verdiyi açıqlamalar da, bizdə əlavə narahatlıq yaradırdı. Maksimum konsentrasiya olmağa çalışdıq".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan kubokunda yarımfinalın cavab matçından sonra Rəşad Sadıqov deyib.
Gənc mütəxəssis səfərdə "Qəbələ" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib: "Bu tip oyunlarda ən vacibi oyuna köklənməkdir. İlk dəqiqələrdən futbolçularımda böyük diqqət və intizamı hiss edirdim. Yaxşı da başladıq. Bilirik ki, Kaxaber Tsxadadze arxadan oyun qurmağı, topa nəzarət etməyi sevir, kombinasiyalı futbola üstünlük verir. Çalışırdıq ki, pressinq tətbiq edək və onlara hücum qurmaqda problem yaradaq. İkinci yarıda hücum xəttinə daha gümrah oyunçuları əlavə edib, nəticəni öz xeyrimizə çevirmək istəyirdik. Vladislav Kulaç gözəl zərbə vurdu, Rafael Utziq də baxımlı qola imza atdı. Çox güc sərf etdik. Dörd gündən sonra bizi mövsümün bəlkə də ən vacib oyunu gözləyir. Məcburuq ki, kubok matçını tez unudaraq çempionat görüşünə köklənək".
Rəşad Sadıqov final barəsində danışıb. O, kuboku qazanmaq arzusunda olduqlarını bildirib: "Məqsəd, hədəf var. İstəyirik ki, mövsümü titulla başa vuraq. Çünki finala qədər ağır yoldan keçdik. Yeganə komandayıq ki, 1/8, 1/4 və yarımfinalda yüksək liqa klubları ilə qarşılaşdıq İstəyirik ki, finalda da qazanan tərəf biz olaq. Rəqibimiz bu gün məlum olacaq. İndi final haqda düşünmək düzgün olmazdı. Dörd gündən sonra vacib oyunumuz var. Kuboku kənara qoyub, çempionat barədə düşünəcəyik. Rəhbərliyin qarşımıza qoyduğu bir hədəf var, avrokuboklara düşmək. Amma çempionat elə keçir ki, "Neftçi" üzərində qələbə qazanırsan, digər tərəfdən rəqiblər də üç xal əldə edir. Hansısa üstünlük yarada bilmirsən. Görünən odur ki, bizi çox gərgin sonluq gözləyir. Qarşıdakı oyunları fikirləşirik. Hansısa yanlış davranış bizə ciddi problem yarada bilər. Bir aya çempionatda beş oyun var. Onları düşünürük. Hansısa yanlış davranış bizə ciddi problem yarada bilər. Son turda evdə "Səbail"lə oynayırıq. Avrokuboklara iddialı rəqibdir. Son tur həmişə fərqli olur. Bu oyunları düşündükdə, hansısa işin yaxşı getməsindən və finala çıxmağımıza görə sevinmək ağılsızlıq olar. Gözümün qabağında hazırda beş oyun canlanır".
Qeyd edək ki, "Zirə" yarımfinalın hər iki oyununda "Qəbələ"ni məğlub edib - 2:1, 2:0.Ə