Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil Nazirliyi: Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Təhsil Nazirliyi: Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə öz töhfələrini verməlidirlər

Tarix: 22 Noyabr 2019 14:56

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən həftə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub. Bu qərarla gənclərin xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydalarının təsdiq olunması ali təhsil sistemimizin modernləşməsi yolunda ciddi addım kimi qiymətləndirilə bilər.

Trend Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlinin müsahibəsini təqdim edir.

- Məlum olduğu kimi, artıq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar təsdiq olunub. Doktorantura təhsili üzrə qəbulun aparılması hansı zərurətdən yaranıb?

- Diqqətinizə çatdırım ki, 2018-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "2019-2023-cü illərdə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam iki əsas istiqaməti nəzərdə tutur. Birinci istiqamət dünyanın nüfuzlu universitetləri ilə Azərbaycan universitetləri arasında ölkə iqtisadiyyatı üçün prioritet sahələr üzrə ikili dövlət proqramlarının təsis olunmasıdır.

İkinci istiqamət isə hazırda elan etdiyimiz xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlıdır. İkinci istiqamət, yəni doktorantura təhsilinin seçim və maliyyələşdirmə qaydaları ötən həftə Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu, çoxdan gözlənilən bir tələb idi, söhbət Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasından gedir. Ali təhsil sistemimiz yüksək ixtisaslı kadrların hazırlanmasına, Azərbaycan ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara ehtiyac duyur. Bu kadrlar vətənə dönüb Azərbaycanın ali təhsilinə öz töhfələrini verməlidirlər.
Bu ölkə Prezidenti tərəfindən təsdiq edilmiş bu proqram çox mühüm əhəmiyyətə malikdir.

- İlk növbədə, bilmək istərdik, kimlər bu seçimdən yararlana biləcək?

- Seçim qaydalarına əsasən, bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olan və ən vacib məsələ, dünyanın (“Times Higher Education (THE) World University Rankings və ya Academic Ranking of World Universities (Shanghai)” reytinq cədvəllərində ilk 500-də yer alan universitetlərə qəbul olunmuş Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Universitetlərə qəbul olduqdan sonra onlar artıq proqrama müraciət edib təhsillərinin maliyyələşməsi üçün seçim qaydalarına uyğun olaraq müsabiqədə iştirak edə bilərlər. Yaş məhdudiyyəti yoxdur, bu da proqramın kifayət qədər geniş əhatəliliyini özündə ehtiva edir.

- Proqramda hansı prioritet ixtisas istiqamətləri müəyyən olunub?

- Cari ilin mayında Nazirlər Kabineti proqram üzrə prioritet istiqamətləri müəyyən edib. Bir çox sahələr, istiqamətlər proqram tərəfindən ehtiva olunur. Buraya həm dəqiq elmlər, aqrar, texniki-texnoloji, sosial, humanitar istiqamətlər aiddir. Azərbaycan vətəndaşları prioritet istiqamətlər üzrə müvafiq ixtisasları seçib universitetlərdən qəbul aldıqdan sonra proqrama müraciət edə bilərlər.
Seçim qaydaları müəyyən olunub və artıq Təhsil Nazirliyinin saytında doktoranturaya sənəd qəbulu ilə bağlı elan yerləşdirilib. Yanvar ayının 10-a kimi sənəd qəbulu davam edəcəkdir. Bu, yaz semestrini əhatə edir. Payız semestri üçün isə sənəd qəbulu yay aylarında elan ediləcək. Bundan başqa, hazırda siyahıda olan dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan Azərbaycan vətəndaşları da təhsillərinin yerdə qalan hissəsinin maliyyələşdirilməsi üçün proqrama müraciət edə bilərlər.

- Azərbaycan vətəndaşlarının xaricdə doktorantura təhsili üzrə maliyyələşdirilməsi necə aparılacaq?

- Dövlət Proqramı çərçivəsində əsasən təhsil xərcləri, viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri, aylıq yaşayış xərcləri, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat xərcləri ödənilir. Bununla bağlı Təhsil Nazirliyində uğurlu təcrübə var. Resurs olaraq Dövlət Proqramında nəzərdə tutulduğu kimi maliyyə vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ayrılacaq.

- Tələbələrin müraciətinə baxılması proseduru necə həyata keçiriləcək?

- Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron ərizə sistemi yaradılıb. İddiaçılar platforma üzərindən öz ərizələrini təqdim edirlər. İlkin olaraq müraciət edənlərin seçim kriteriyalarına uyğun gəlib-gəlmədiyi müəyyənləşdirilir. Bundan sonra meyarlara uyğun olan şəxslər müsahibə mərhələsinə buraxılırlar. Bundan ötrü müsahibə qaydalarında nəzərdə tutulduğu kimi, xüsusi komissiya yaradılacaq. Müxtəlif qurumların, aidiyyəti orqanların nümayəndələrindən təşkil olunan komissiya müraciətləri nəzərdən keçirəcək və daha sonra artıq seçilmiş tələbələr proqramdan yararlana biləcəklər.

- Doktorantura təhsili üzrə yeni qaydalar tələbələr qarşısında hansı öhdəliklər qoyur?

- Qaydalara müvafiq olaraq, doktorant, onun təhsilini başa vurduqdan sonra ölkəyə qayıdıb çalışacağı yerli ali təhsil müəssisəsi və Təhsil Nazirliyi arasında üç tərəfli müqavilənin imzalanması nəzərdə tutulur. Həmin müqavilədə doktorantların əsas öhdəlikləri də özünü əks etdirəcək. Təbii ki, əsas öhdəlik qəbul olunduğu xarici ali təhsil müəssisəsindəki təhsil və tədqiqatı tələb olunan minimum normativ müddətdə başa çatdırmaq və fəaliyyət göstərəcəyi yerli ali təhsil müəssisəsinə qayıtmaqdır.

- Gələcəkdə proqramın əhatə dairəsinin genişlənməsi mümkündürmü?

- Əlbəttə ki, genişlənə bilər. 2020-ci il ərzində ilkin olaraq 100-ə qədər tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu hesablama hökumətlərarası təqaüd proqramları və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində doktorantura təhsilinə müraciət edənlərin sayı nəzərə alınaraq proqnozlaşdırılır. Tələbat kifayət qədər böyük olduğu təqdirdə, gələcəkdə say məsələsi nəzərdən keçirilə bilər. Bu, əlbəttə ki, daha çox ictimaiyyətdən gələn sosial sifarişdən asılı olacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Təhsil Nazirliyi Xaricdə oxuyanlar vətənə dönüb Azərbaycanın təhsilinə töhfələrini verməlidirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ