Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 07:14
Mayın 10-da döyüşlərin qızışmasından bəri Sudanın qərbindəki El-Faşer şəhərində 288 dinc sakin həlak olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Şimali Darfur əyalətinin Səhiyyə Nazirliyinin baş direktoru İbrahim Abdulla Xatir deyib.
"Mayın 10-dan indiyədək qeydə alınan ölüm hallarının sayı 288-ə çatıb", - İ.A.Xatir bildirib. O əlavə edib ki, həmin dövrdə zərərçəkənlərin sayı 1 300 nəfərə çatıb. Onların əksəriyyəti qadınlar, uşaqlar və qocalardır.
Mayın 10-dan Şimali Darfur əyalətinin paytaxtı El-Faşerdə şiddətli toqquşmalar başlayıb.
Bu, 15 aprel 2023-cü ildən Sudan Silahlı Qüvvələri ilə hərbiləşdirilmiş Çevik Reaksiya Qüvvələri arasında ölkə daxilində genişmiqyaslı qarşıdurmanın son eskalasiyasıdır.
BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin məlumatına görə, toqquşmalar ölkə daxilində 15 550 nəfərin həyatına son qoyub, 8,8 milyondan çox insan didərgin düşüb.