Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2024 15:08
Qız övladı olacaq deyə ana bətnində körpəsi ilə çölə atılıb. Bəli, bu hadisə Azərbaycanda baş verib. İki qız övladı olan qadın üçüncü uşağına hamilə olarkən, ultrasəs müayinəsində ona növbəti dəfə qız anası olacağı bildirilib. Buna görə də qadın ailəsi tərəfindən çölə atılıb. Lakin sözügedən ananın üçüncü uşağı oğlan doğulub. Hazırda o, üç övladı ilə birlikdə sığınacaqlardan birində yaşayır.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan selektiv aborta görə dünyada birinci yerdə olub. Son illər aparılan demoqrafik proseslərin təhlili göstərir ki, Azərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların payı və artım tempi daha yüksəkdir. Doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında ilk yerlərdəyik. Bir sözlə cinsiyyət ayrıseçkiliyi cəmiyyətdə illərdir ki, ən böyük problemlərdən biridir.
Bu məsələdə toplum psixologiyamızı necə dəyişə bilərik?
Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, cəmiyyətimizdə cinsiyyət ayrıseçkiliyi o dərəcədədir ki, hətta insanların şüuraltına yerləşib:
"Məsələn, çox vaxt deyirlər ki, yuxuda qız uşağı görəndə şərə, oğlan uşağı isə xeyirə yozulur. Görün bu, nə qədər adamın psixikasına siraət edib. Evlilik məsələlərinə baxdıqda da, həmişə oğlan və ailəsi "firon" statusundadır. Oğlan istəsə yüz dəfə boşanar və evlənər. Çox vaxt hətta belə deyirlər: "kişiyə ləkə yapışmır". Lakin qız övladı olmağa isə ömürlük prroblem kimi yanaşırlar. İndi bir qızı olanda, istəyirlər bir dənə də oğul olsun. Lakin qızın sayı artanda ailələrin çoxu ondan imtina edirlər".
Qız uşaqlarını niyə sevmirlər?
Psixoloq qeyd edib ki, gəlnini qızı olacaq deyə evdən qovan ailə və onun timsalındakı bu cür insanlar qanmırlar ki, problem onların oğlanlarının kişiliyindədir:
"Yəni uşağın oğlan olması kişidən asılıdır. Kimin oğlu olmursa, getsin öz kişiliyindən şikayət eləsin. Əgər qız dünyaya gətirmək eyibdirsə, oğlan tərəfini daş-qalaq etmək lazımdır ki, bunlar keyfiyyətsizdirlər.
Təəssüf ki, cəmiyyətimizə görə bu gün cahil və nadan məsələləri müzakirə etmək məcburiyyətində qalırıq. Mən müasir həyatın tərəfdarıyam. Əgər kimsə oğlan və ya qızının olmağını istəyirsə, xəsisliyin daşını atıb süni mayalanmaya müraciət etsinlər. Orada cinsiyyəti ginekoloqlar müəyyənləşdirə bilirlər".