Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2019 16:38
Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistan qoşulduğu BMT-nin Transsərhəd çayları ilə bağlı razılaşmasını ciddi şəkildə pozur.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev deyib.
Onun sözlərinə görə, Ermənistanın mədən tullantılarını Araz çayına axıtması beynəlxalq sənədlərdən irəli gələn tələblərə zidd addımdır.
N.Paşayev əlavə edib ki, həm Azərbaycan, həm də İran Ermənistan tərəfindən mədən tullantılarının Araz çayına axıdılmasından narahatdır.
Akademik qeyd edib ki, Ermənistandan Azərbaycana axan çaylar ölkəmizə çox böyük tullantılar gətirirlər:
“Ermənistandan axan çayların əksəriyyəti Kür çayına, bir hissəsi Araz çayına qovuşur. Araz da məlumdur ki, Sabirabad rayonunda Kürə qovuşur. Ona görə də Ermənistandan axıdılan tullantılar həm Kür, həm də Araz çayını çox çirkləndirir”.
N.Paşayev əlavə edib ki, Ermənistanda çaylar daha çox ölkə iqtisadiyyatında mühüm rol oynayan mədən sənayesinin tullantıları ilə çirkləndirilir.
Mütəxəssis bu halın yalnız Azərbaycanın deyil, ümumilikdə region ölkələrinin ekologiyasına ciddi zərər vurduğunu nəzərə çatdırıb.
N.Paşayev qeyd edib ki, Ermənistanın Qacaran bölgəsində fəaliyyət göstərən “Zangezur Copper-Molybdenum Combine (ZCMC)” şirkəti tərəfindən mədənlərin işlədilməsi Oxçuçayın (Vohghci river) ciddi şəkildə çirklənməsinə səbəb olub:
“Əlvan metallurgiya ətraf mühiti, eləcə də çayları çox çirkləndirir. Ermənistan da məhz metallurgiya tullantılarını çaya axıdır. Ermənistanın Qafan rayonu ərazisindən keçən Oxçuçay Azərbaycanın işğal edilmiş ərazisində - Zəngilan rayonu ərazisində də axır. Arazın sol qolu olan Oxçuçay çox çirklənib. Oxçuçayın tərkibində dəmir, sink, qurğuşun, manqan və s. metalların həcminin artdığı üçün onun suyu 5-ci kateqoriya, yəni ən aşağı keyfiyyətə malikdir. Buna görə də Ermənistan ərazisində o çayın suyundan irriqasiya məqsədləri üçün istifadə qadağan edilib. Bütün bunlar nəzərə alınarsa, İranın bundan narahat olması başa düşüləndir. İranın, eləcə də Azərbaycanın çayların Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı narahatlığına artıq qlobal müstəvidə qiymət verilməli və bu halın aradan qaldırılması üçün addımlar atılmalıdır”.
N.Paşayev Ermənistanın mədən sənayesinin yalnız regionun çay şəbəkəsi üçün deyil, Xəzər hövzəsinin ekologiyası üçün də ciddi təhdid yaratdığını söyləyib.
N.Paşayev Azərbaycanın narahat olduğu digər məsələni də açıqlayaraq qeyd edib ki, Ermənistan hazırda elektrik enerjisinin 60-70 faizini “Metsamor” Atom Elektrik Stansiyasından əldə edir. Lakin müasir tələblərə cavab verməyən bu AES ekoloji baxımdan ətraf ölkələr üçün ciddi bir təhlükə mənbəyidir:
“Bu, çox təhlükəli obyektdir. Seysmik ərazidə yerləşən bu stansiyada hər hansı hadisə baş verərsə, o, Qafqaz üçün ekoloji baxımdan daha ciddi faciələr yaradar”.
Qeyd edək ki, Ermənistan Ətraf Mühit Cəbhəsi (Armenian Enviroment Front) təşkilatının araşdırmalarına əsasən Ermənistanda Amulsar qızıl mədəninin aktiv fəaliyyətə başlaması ilə zərərli maddələrin Arpa və Vorotan çaylarına axıdılması baş verəcək ki, bu da nəticədə ekosistemin məhvinə şərait yaradacaq. Arpa çayı Naxçıvan ərazisində, Vorotan çayı isə işğal edilmiş bölgələrdə Araz çayına birləşdiyi üçün bu halın Azərbaycanla yanaşı, İranın da ekologiyasına ciddi zərbə vuracağı şübhəsizdir.
Xatırladaq ki, bu yaxınlarda Təbriz şəhərində keçirilən Ermənistan-İran Birgə İşçi Qrupunun iclasında Araz çayının çirkləndirilməsinin qarşısının alınması məsələləri müzakirə edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin