Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 18:00
Bakı. Trend:
Yəməndə baş verən humanitar böhranla əlaqədar BMT Baş katibi Antonio Quterreşin üzv dövlətlərə ünvanladığı müraciəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə bu ölkəyə humanitar yardım göstərilmişdir.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən yardımın BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) vasitəsilə Yəməndə humanitar böhrandan əziyyət çəkən əhaliyə təcili humanitar yardım şəklində çatdırılması nəzərdə tutulub.
Məlumat üçün bildirmək istərdik ki, BMT-nin hesablamalarına görə dünyanın ən acınacaqlı humanitar fəlakətin yaşandığı Yəməndə 24 milyon insanın (əhalinin 80 faizi) humanitar yardıma ehtiyacı var, 250 min şəxs isə kəskin aclıqdan əziyyət çəkir. Ölkədə 3,3 milyon məcburi köçkün olmaqla əhali arasında müxtəlif növ təhlükəli xəstəliklər yayılmaqdadır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin