Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2024 21:06
Bu həftə Almaniya hökuməti, axır ki, İran rejiminə birbaşa bağlı olan Hamburq İslam Mərkəzinin və onun tabeliyindəki qurumların fəaliyyətini qadağan etdi.
Sonxeber.net "Azad İran" "YouTube" kanalına istinadən xəbər verir ki, mərkəzin yerləşdiyi və Göy məscid adı ilə məşhur olan məscid də bağlanaraq müsadirə olunub. Uzun müzakirə və araşdırmaların nəticəsi olaraq atılan bu addım beynəlxalq aləmdə geniş diqqət çəkib və təbii ki, İran hakimiyyəti tərəfindən kəskin etirazla qarşılanıb.
İyulun 24-də səhər Almaniyanın daxili işlər naziri Nensi Fezer xüsusi bəyanatla çıxış edərək deyib:
"Bu gün biz Almaniyada totalitar islamçı ideologiyanı təbliğ edən Hamburq İslam Mərkəzinin fəaliyyətinə qadağa qoyduq. Hamburq İslam Mərkəzi və onun bölmələri, həmçinin "Hizbullah" terrorçularını dəstəkləyir və aqressiv antisemitizmi yayırlar. Bizim böyük zəhmət bahasına apardığımız araşdırmalar ciddi şübhələrimizi təsdiqlədi və biz bu islamçıların fəaliyyətinə son qoyduq. Bu, islamçı ekstremizmə qarşı daha bir addımdır".
Xanım nazir daha sonra mühüm bir məqama da toxunaraq əlavə edib:
"Mən önəmli bir fərqi də qeyd etməliyəm: biz dinə qarşı hərəkət etmirik. Biz əleyhinə sərt tədbirlər gördüyümüz islamçılarla ölkəmizdə yaşayan və öz inancına bağlı olan çoxsaylı müsəlmanlar arasında aydın fərq qoyuruq. Bizim qadağamız heç bir halda şiə məzhəbinin dinc praktikasına şamil olunmur".
Nazirin bu bəyanatı səsləndirdiyi ərəfədə alman polisinin yüzlərlə əməkdaşı xüsusi vasitələrlə Hamburqdakı "İmam Əli məscidi" kimi də tanınan Göy məscidin ərazisinə daxil olaraq axtarış aparıb və binanı plomblayıb. Verilən məlumata görə, axtarış zamanı Hamburq İslam Mərkəzinin siyasi və casusluq fəaliyyətini sübut edən çoxsaylı sənədlə yanaşı, xeyli elektron cihaz, iki nəqliyyat vasitəsi, 100 min avro nağd pul, Almaniyada fəaliyyəti qadağan olunmuş "Hizbullah" və HƏMAS terror təşkilatlarına aid yazılar və sənədlər ələ keçirilib. Eyni zamanda sözügedən mərkəzin Hamburqda və ölkənin digər əyalətlərində olan qurumlarında da axtarışlar aparılıb. Bunların içərisində Hamburqdakı "Almaniya İslam Akademiyası" və "İran-islam məscidləri tərəfdarlarının birliyi", Frankfurtdakı "İslam Mədəniyyəti Mərkəzi", Münhendəki "Bavariya İslam Cəmiyyəti" və Berlindəki "İslam Mərkəzi" də daxil olmaqla bütövlükdə ölkənin 8 əyalətində yerləşən 53 məkanda axtarışlar həyata keçirilib. Təkcə bu fakt İranın idarə etdiyi Hamburq İslam Mərkəzinin Almaniyada necə geniş şəbəkə qurduğunu aydın şəkildə nümayiş etdirir.