Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2024 18:18
ABŞ-nin "Forbes" nəşri Türkiyənin üzərində işlədiyi "Polad Günbəz" ("Çelik Kubbe") müdafiə sistemi layihəsi ilə bağlı diqqətçəkən iddia irəli sürüb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, nəşrin məqaləsində Türkiyənin müdafiədə xarici asılılığının azalmasına diqqət çəkilərkən, S-400 məsələsi gündəmə gətirilib.
Türkiyənin 2019-cu ildə Rusiyadan aldığı, ABŞ ilə gərginliyə və F-35 layihəsindən çıxmasına səbəb olan S-400 müdafiə sisteminə "Polad Günbəz"dən sonra ehtiyac duymayacağı iddia edilir. S-400-lərin hazırda istifadə olunmadığı və Rusiya ilə razılaşma əsasında NATO üzvü olmayan və Moskva ilə yaxşı münasibətləri olan Pakistan və ya Hindistana satıla biləcəyi vurğulanıb.
Nəşr bu ssenarinin baş verəcəyi təqdirdə Türkiyənin F-35 layihəsinə qayıda biləcəyini də vurğulayıb.
Rusiyadan alınan S-400-lərin başqa ölkələrə satıla biləcəyi məsələsi ötən günlərdə Türkiyənin sabiq dövlət naziri Cavit Çağlar tərəfindən gündəmə gətirilmişdi.
Türk analitik Turan Oğuz indiki məqamda əvəz edilə bilməyən bir sistemin qurban verilə bilməyəcəyini söyləyib:
"Mən olsaydım, S-400-ləri satardım, bunu etsəniz, həm F-16, həm də F-35-ləri əldə edəcəksiniz" - bunu deyənlər niyə ABŞ Konqresi və hökumətini izləmir? S-400 dənizdə bir damla belə deyil. Bütün bunların altında yatan əsas səbəb ABŞ-nin Türkiyədən bütün tələblərini yerinə yetirməsini gözləməsi və başqa heç bir həlli qəbul etməməsidir. Başqa sözlə, "mütləq sədaqət" istəyir".
Oğuz qeyd edib ki, Ankara Vaşinqtonun istəklərini yerinə yetirməyəndə ən ağlagəlməz bəhanələr uydurur. Məsələn, "assur soyqırımı"nı tanımaq" kimi.
"Amerikalıların tələbləri birbaşa Türkiyəyə varlıq təhlükəsi yaradır", - analitik vurğulayıb.
ABŞ ilə Türkiyə arasında 30-a yaxın fikir ayrılığının olduğuna diqqət çəkən Turan Oğuz Konqresin çox sadə məsələlərlə bağlı belə, heç kimin ağlına gəlməyən qanun layihələrinin olduğunu və ən kiçik anlaşılmazlıqda bunlardan Türkiyəyə qarşı istifadə edildiyini və ya edilə biləcəyini deyib.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsinin son iclasında bütün yerli sistemlərin bir-birləri ilə inteqrasiya olunmuş şəkildə işləyəcəyi "Polad Günbəz" layihəsi ilə bağlı qərar qəbul edilib. Yeni proje dünya mediasında özünə geniş yer tapıb. "Polad Günbəz"də S-400-lərin olmaması da diqqət çəkir.