Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Xeyriyyə təşkilatı''nın Ermənistana xeyrindən çox ziyanı var

''Xeyriyyə təşkilatı''nın Ermənistana xeyrindən çox ziyanı var

Tarix: 22 Avqust 2024 16:48

ABŞ ermənilərin ümidləri ilə oynayır. Ermənistanda USAİD ( ABŞ Beynəlxalq İnkişaf Agentliyi) təşkilatının keçirdiyi görüş bunu deməyə əsas verir. Belə ki, avqust ayının 8-də İrəvanda təşkil olunan görüşdə hökumət nümayəndələri ilə QHT-lər iştirak edib. Görüşün təşəbbüskarı Ermənistanda "Freedom House"un filialı olub. Görüş Qarabağı tərk edən ermənilərə həsr olunub, onların dərdləri müzakirə olunub.

Görüşün mövzusu xüsusilə diqqət çəkir. Belə ki, "Dağlıq Qarabağdan zorla köçürülmüş qadınların hüquqi və psixoloji problemləri" adlı tədbir adından da göründüyü kimi başdan ayağa şoudur. Əvvəla, Qarabağdan ermənilər zorla çıxarılmayıb, Azərbaycan ərazisində yaşamaq istəməyən ermənilər könüllü şəkildə torpaqlarımızı tərk ediblər. Onlara qarşı hər hansı təhdid, zorakılıq qeydə alınmayıb. Əksinə, Azərbaycan polisinin, hərbçilərinin erməni qadınlara, qocalara, uşaqlara yardım etməsinə dair onlarla görüntü var. Hazırda Qarabağda qalan ermənilər üçün də hər cür şərait yaradılıb. Azərbaycanın qayda qanunlarına tabe olmağa razılaşmaq şərti ilə Qarabağa qayıtmaq istəyən ermənilərə də qapımız açıqdır. Belə olan halda ermənilərin "canınayananlıq" nəyə gərəkdir?

USAİD-in əsl üzü

ABŞ Beynəlxalq İnkişaf Agentliyi heç də Vikipediyada yazıldığı kimi xeyriyyə məqsədi ilə yaradılmayıb. Belə ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən elan edilən fakt təşkilatın əsl simasını ortaya qoyur. Məlumatda qeyd olunurdu ki, Tbilisidə "yerli QHT-lərlə birgə" "xəstələrə humanitar yardım göstərilməsi" mövzusunda keçirlən təlimdə iştirakçılara USAİD tərəfindən "dövlət çevrilişi hazırlamağın metodları" öyrədilib. USAİD-in 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırdığı faktı bu iddiaları daha da gücləndirir. Məhz elə Azərbaycanda LGBT, "feministlər" və "NoWar"çılara maliyyə yardımı USAİD xətti ilə ayrılıb.

ABŞ-nin Cənubi Qafqazdakı "gizli silahı" kimi tanınan USAID-in rəhbəri Samanta Pauerdir. O, övladının adını "erməni soyqırımı"nın şərəfinə adlandırıb, Ruben Vardanyanla yaxın dostluq münasibətində olub, onun tədbirlərində çıxış edib. Ruben Vardanyan Qarabağda həbs edilib Bakıya gətiriləndən sonra Samanta Pauer özü şəxsən Bakıya gəlib, danışıqlar aparıb.

Görünür, özünü dünyaya sülh təşkilatı kimi təqdim edərək xeyriyyə adı altında gizli planlarını həyata keçirən USAİD Ermənistanda belə tədbirlər keçirməklə bağlanmış Qarabağ mövzusunu yenidən gündəmə gətirməyə çalışır. ABŞ Azərbaycan-Ermənistan sülh gündəliyinə zidd olan tədbirləri təşkil edən USAİD vasitəsi ilə Cənubi Qafqazda sabitliyin yaranmasına mane olmağa çalışır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməsinə baxmayaraq hökumət nümayəndələrinin bunu şübhə altına qoyacaq tədbirlərdə iştirak etməsi ziddiyətli vəziyyət yaradır. Ermənistan sülh istəyirsə, niyə Dağlıq Qarabağ", "Artsax", "etnik təmizləmə", "zorla köçürülmə" kimi ifadələrin istifadə olunduğu tədbirlərin təşkilinə yol verir? Niyə aranı qızışdırmaq istəyənlərin istəyinə mane olmur? Ermənistan həqiqətən sülh istəyirsə bu kimi tədbirlərin təşkilinə etiraz etməli, yuxarıda sadalanan, reallığı əks etdirməyən ifadələri unutmalıdır.

İslam


Etiketlər:  Xeyriyyə təşkilatının Ermənistana xeyrindən çox ziyanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ