Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2024 17:21
"Azərbaycan hər zaman beynəlxalq öhdəliklərə sadiq olub, eyni zamanda öz milli maraqlarının da qorumağı bacaran dövlətdir. Bizim ölkəmiz tərəfdaşlarından da eyni yanaşmanı gözləyir və bəzi beynəlxalq təşkilatların bu öhdəlikləri ikili standartlar əsasında tətbiq etmək cəhdlərinə qarşı kifayət qədər aydın mövqe nümayiş etdirir".
Sonxeber.net xəbər verir ki, bunu APA-ya açıqlamasında altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Soltan Məmmədov deyib.
Soltan Məmmədov qeyd edib ki, Almaniya Parlamentinin üzvü Frank Şvabenin Azərbaycan haqqında söylədiyi fikirlər bu şəxsin ölkəmizə qarşı münasibətdə qərəzli olduğunu, siyasətçi kimi elementar normaları gözləyə bilmədiyini nümayiş etdirir.
AŞPA-dakı müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş deputatların "arzuolunmaz şəxslər" siyahısına salınması isə Azərbaycan dövlətinin hüququdur: "İstənilən ölkənin hər hansı şəxsin öz ərazisinə buraxılıb-buraxılmaması barədə qərar vermək səlahiyyəti var. Şvabe kimi siyasətçilər bu hüququ şübhə altına almaqla, əslində, dövlətlərin müstəqil qərar qəbul etmək hüququna hörmət etmədiklərini göstərirlər. Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbinin verilən vədlərə baxmayaraq, nümayəndə heyətimizin mandatının bərpa edilməməsi ilə bağlı olduğunu bəyan edib. Bu, kifayət qədər aydın, eyni zamanda ədalətli mövqedir. Bizimlə əməkdaşlıqdan imtina edən bir qurumun təmsilçilərinin bizim ölkəmizdə keçirilən tədbirdə iştirakı üçün heç bir xüsusi zərurət yoxdur".
Soltan Məmmədov vurğulayıb ki, Azərbaycanla təzyiq, hədə və təhdid dili ilə danışmağın mümkün olmadığı dəfələrlə sübut olunub. Azərbaycan regionda müstəqil siyasət yürütməyə qadir, beynəlxalq öhdəliklərini anlayan və bu öhdəliklərdən heç vaxt imtina etməyən dövlətdir, eyni zamanda öz mili maraqlarının da sərhədlərini dəqiq bilir: "Hesab edirəm ki, hansı ölkəni, hansı təşkilatı təmsil etməsindən asılı olmayaraq hər kəs buna hörmətlə yanaşmağa borcludur. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, COP29 kimi çox mötəbər bir tədbirə ev sahibliyi etməsi bəzi ölkələri və siyasətçiləri, Şvabeni qıcıqlandırır, narahat edir. Onun məkrli və saxta mülahizələrə əsaslanan açıqlamaları da görünür elə bundan qaynaqlanır. Ancaq həmin adamlar problemi özlərində axtarmalıdırlar. Bizim ölkəmizin kifayət qədər konkret və milli maraqlara əsaslanan özünəməxsus strateji xətti, aydın prinsipləri var. Bu prinsiplərdən geri çəkilməyimizi gözləyənlər yanılırlar!"