Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2024 13:52
Hər beynəlxalq yarış Azərbaycanın bayrağını qaldırmaq, himnini səsləndirmək üçün bir fürsətdir. İdmançılarımız bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Paris-2024 Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 3 bürünc medalla Azərbaycanın tarixində ilk dəfə ümumi hesabda 30-cu yeri tutmasına sevinmişdik. Paralimpiyaçılarımız da Paris-2024-də 11 medalla öz sözlərini dedilər. Medallardan 4-nün qızıl, 2-nin gümüş və 5-nin də bürünc olması sayəsində ölkəmiz ümumi hesabda 28-ci yerə yüksəlib.
İlk dəfə yeddi idman növündə
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan təmsilçiləri Paralimpiya Oyunlarında yarışların başladığı avqustun 29-dan sentyabrın 7-ə kimi, demək olar, hər gün (sentyabrın 1 və 6-sı istisnadır) medal əldə ediblər. Ümumilikdə 18 paralimpiyaçımızın ilk dəfə yeddi idman növündə yarışdığını və onlardan da səkkizinin mükafatçılar arasında yer aldığını fərəhlə vurğulayaq.
Atletika, üzgüçülük, cüdo və ilk dəfə də taekvondoda
Rəqəmlər deyir ki, paralimpiyada güclü olduğumuz növlərdən atletikada 3 qızıl və 1 gümüş, üzgüçülükdə 1 gümüş və 3 bürünc, cüdoda 1 bürünc, ilk dəfə taekvondoda da 1 qızıl və 1 bürünc medala imza atdıq. Əvvəllər atıcılıq və pauerliftinq növlərində də medallarımızın olduğunu xatırladaq.
Tokio-2020-nin qəhrəmanları Paris-2024-də də sözlərini dedilər
Əlbəttə, Paris-2024 Paralimpiya Oyunları qəhrəmanlarının adlarını da bir-bir çəkmək lazımdır.
Xüsusilə paraatletikanın ulduzu Lamiyə Vəliyevanın 100 və 400 m məsafələrə qaçışda nəticələri diqqəti çəkir: 22 yaşlı idmançı, Tokio-2020-də olduğu kimi, bu dəfə də 1 qızıl və 1 gümüş medal qazandı.
Uzunluğa tullanmada Orxan Aslanov da artıq ikiqat paralimpiya çempionudur.
Üzgüçü Raman Saley bundan əvvəl sahib olduğu 4 paralimpiya medalına daha üçünü (1 gümüş və 2 bürünc) əlavə etdi.
Əfsanəvi İlham Zəkiyev də 4 paralimpiya medalından ibarət kolleksiyasını daha bir bürünc mükafatla zənginləşdirdi. 44 yaşlı cüdoçu qızıl olan ilk medalını hələ Afina-2004-də qazanmışdı.
Tokio-2020-nin bürünc mükafatçısı Səid Nəcəfzadə uzunluğa tullanmada nailiyyətini yaxşılaşdıraraq bu dəfə pralimpiya çempionu oldu.
Üzgüçü Vəli İsrafilov isə əksinə - Tokio-2020-də qızıl qazanmışdısa, bu dəfə bürünclə kifayətləndi.
Taekvondoçular İmadəddin Xəlilov və Sabir Zeynalov isə Paralimpiya oyunlarında ilk dəfə fəxri kürsünün, müvafiq olaraq, ən yüksək və üçüncü pilləsinə qalxıblar - özü də bürünc mükafatçımızın cəmi 19 yaşı var!