Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2024 23:32
Rusiyanın ABŞ-ın Alyaska bölgəsində son vaxtlar artan hərbi fəaliyyətinə cavab olaraq ABŞ ordusu bu bölgəyə qoşun yeridib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Rusiyanın 10-16 sentyabr tarixləri arasında Sakit və Şimal Buzlu okeanları başda olmaqla bir çox dəniz bölgələrini əhatə edən "Okean-24" hərbi təlimləri bölgədə narahatlıq doğurub.
Müdafiə Nazirliyinin (Pentaqon) açıqlamasında Rusiyanın 8 hərbi təyyarə və 2 sualtı qayıq daxil olmaqla 4 donanma gəmisinin Alyaskaya yaxınlaşdığı, lakin onların təyyarələrinin ABŞ hava məkanını pozmadığı qeyd edilib.
Rusiyanın hərəkətlərinə cavab olaraq ABŞ ordusu Alyaska yarımadasının cənub-qərb uzantısını təşkil edən Aleut adalarına mobil raket qurğuları ilə təchiz olunmuş təxminən 130 əsgər göndərib.
"Güc Proyeksiyası" adlı əməliyyat çərçivəsində ABŞ əsgərləri Alyaskanın Ankoric şəhərindən təxminən 2 min kilometr cənub-qərbdə yerləşən Şemya adasına göndərilib.
Qeyd edək ki, Şemya adasında İkinci Dünya Müharibəsindən qalma ABŞ Hərbi Hava Qüvvələrinə məxsus aviabaza mövcuddur.