Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2024 15:58
"Real"ın türk futbolçusu Arda Güler Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Lill"lə matçda (0:1) əldən verdiyi qol epizodlarına görə məyus olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə "Defense Central" məlumat yayıb.
Arda görüşün 67-ci dəqiqəsində Eduardo Kamavinqanın əvəzinə meydana çıxıb. O, fərqlənə bilməsə də, hücum xəttindəki aktivliyinə görə diqqəti öz üzərinə çəkib.
19 yaşlı yarımmüdafiəçi matçda 2 dəfə qol vurmağa çox yaxın olub. O, ilk epizodda başla fərqlənməyə çalışıb, lakin qol vura bilməyib. İkinci epizodda da başla zərbə endirən Ardanın qoluna "Lill"in qapıçısı Lukas Şevalyer mane olub.
Xəbərdə bildirilir ki, Arda Güler əldən verdiyi qol epizodlarına görə məyusluq yaşayıb. Ona komanda yoldaşı Antonio Rüdiger dəstək olub. Almaniyalı futbolçu oyun bitdikdən sonra Ardanı qucaqlayıb və özünün də qol epizodunu qaçırdığını deyib: "Çox təəssüf ki, son dəqiqələrdə ikimiz də baş zərbəsindən qol vura bilmədik".
Xatırladaq ki, Arda ötən ilin yayında Madrid təmsilçisinə keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu ilin yanvar ayında komandada debüt etməyi bacarıb. Türkiyə millisinin üzvü cari mövsümdə 9 matça çıxıb, lakin fərqlənə bilməyib.