Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2024 09:45
"3+3" formatında görüş Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müqəddimə ola bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri türkoloq Mger Abramyan "Sputnik Ermənistan"a müsahibəsində deyib.
Onun sözlərinə görə, "3+3" platformasında sülh müqaviləsi layihəsinin hələ razılaşdırılmamış məqamları müzakirə oluna bilər ki, bu da yekun sənədin imzalanmasını yaxınlaşdırar:
"Türkiyə və Azərbaycan çox güman ki, birgə hərəkət edəcək və Ermənistan rəhbərliyi və XİN isə müəyyən razılığa gələ bilər. Sonra daha bir görüş olacaq, orada bu müqavilə kağız üzərində təsbit ediləcək".
Abramyanın fikrincə, əgər əvvəllər Azərbaycan sülh sazişində tələsirdisə, indi Ermənistan tələsir və rəsmi Bakının təkid etdiyi bütün şərtləri və məqamları qəbul etməyə hazır kimi görünür. Bu, ilk növbədə Azərbaycana, sonra isə Türkiyəyə sərfəlidir:
"Rusiya Ukrayna böhranı ilə məşğul olduğu, Qərb Ermənistanla Azərbaycan arasında "sülh göyərçini" roluna can atdığı bir vaxtda Türkiyənin regionda öz mövqelərini möhkəmləndirməsi üçün çox əlverişli şərait yaradılır, İran isə öz sərhədlərini qorumağa və Zəngəzur vasitəsilə dəhliz yaradılmasının qarşısını almağa çalışır. Türkiyə bölgəyə müharibə ilə "girdi", sonra yumşaq gücə keçdi".
Qeyd edək ki, "3+3" formatında görüş 18 oktyabrda İstanbulda keçiriləcək.