Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Oktyabr 2024 09:24
HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar 18 gün boyunca Qəzza zolağında İsrail hərbçilərinə qarşı döyüşlərdə birbaşa iştirak edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Türkiye" qəzeti hərəkatdakı mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, avqust ayında Siyasi Büroya rəhbərliyə başlayandan sonra ona döyüşdə birbaşa iştirak etməkdən çəkinmək tövsiyə olunub:
"Ancaq o, döyüş meydanından kənarda olmaq istəmirdi, döyüşdə ölmək istəyirdi. O, 18 gün ərzində Rəfahda İsrailə qarşı vuruşdu. Öldüyü gün də dörd yoldaşı ilə birgə döyüşürdü, döyüş iki saata yaxın davam etdi".
Onun ehtimalına görə, yoldaşları İsrail əsgərlərini yayındırmaq və zərbəni öz üzərlərinə çəkmək üçün atəş aça-aça fərqli istiqamətə gediblər, ona görə də Sinvar öldürülərkən, tək olub (onunla döyüşən yoldaşlarının da hamısı ölüb - red.).
Mənbə vurğulayıb ki, hərəkat Sinvarın ölümündən sonra fəaliyyət üçün yol xəritəsi hazırlayır.
Qeyd edək ki, Yəhya Sinvar 16 oktyabrda İsrail ordusunun planlaşdırmadığı əməliyyatda öldürülüb. Belə ki, İsrail əsgərləri Rəfahda (Tel-Sultan ərazisində) təsadüfən HƏMAS üzvləri ilə qarşılaşıblar və atışma başlayıb. Daha sonra atəşin gəldiyi yer tank mərmisi ilə vurulub. PUA isə mərminin dağıtdığı binada Yəhya Sinvarın yaralı halda olduğunu aşkarlayıb və İsrail snayperi onu başından vuraraq öldürüb.
İsrail Sinvarın öldüyünü 17 oktyabrda təsdiqləyib.