Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda su anbarının altında qalan şəhər: Turizm elektrikdən daha çox gəlir gətirə bilərdi - FOTOLAR

Azərbaycanda su anbarının altında qalan şəhər: Turizm elektrikdən daha çox gəlir gətirə bilərdi - FOTOLAR

Tarix: 25 Oktyabr 2024 14:42

Dünyamızda möcüzələr çoxdur. İnformasiya bolluğu zamanında yaşasaq da, gündəlik qayğılar başımızı o qədər aşağı əyib ki, bu möcüzələrin üzünə baxmaq yadımızdan çıxır. Türkiyənin güneyindəki Şanlıurfa vilayətində Göbəklitəpə adlanan kiçik dağ silsilələrində 1963-cü ildən bəri torpaqda ancaq baş hissəsi görünən cilalanmış nəhəng daşlar da bu möcüzələrdən biridir. Bu yer arxeoloqlara məlum idi. Dəfələrlə türk arxeoloqlar burada qazıntı işinə cəhd etsələr də, yarımçıq qoyub gediblər.

Nəhayət 1994-cü ildən alman arxeoloq Klaus Şmit öz ekspedisiyası ilə birgə bir il müntəzəm işləməyi qarşıya məqsəd qoyaraq, burada qazıntı işlərinə başlayır. İş o qədər maraqlı həddə çatır ki, il tamam olandan sonra da arxeoloqlar buradan əl çəkə bilmirlər. Çünki yeddi metrədək hündürlüyü olan "T" şəklində yonulmuş nəhəng sənət əsərlərinin, eləcədə yanlarına dairəvi şəkildə üstü təsvirli daşların nə az, nə çox, düz 12 000 il əvvəl buraya gətirilib qoyulduğu məlum olur!

Bu, bilirsinizmi nə deməkdir? Bu, dünyanın indiyədək fəxrlə danışdığı İngiltərədəki Stonxeç abidələrindən 6 500 il, Misir piramidalarından 7 000 il, Mayyalılardan, daha nə bilim hansı tarixi möcüzələrdən min illərlə əvvələ aid möcüzəvi texnologiyaya malik şüurlu var olma deməkdir! Buna görə də arxeoloji mərkəzlər tərəfindən Göbəklitəpə - "Dünyanın ən önəmli arxeoloji sahəsi" elan olunub.

Məsələnin ən müəmmalı, qəliz tərəfi odur ki, bu daş abidələrin nə məqsədlə yonulduğu, buraya gətirilib nə üçün düzüldüyü heç cür izah olunmur. Əvvəl dedilər dini ibadət mərkəzi olub. Bu fikirdən vaz keçdilər. Sonra dedilər ov etmək üçün toplaşma mərkəzi olub. Bu fikirdən də vaz keçdilər. Çünki buradakı təsvirlərdə nə dini rituala, nə də ovçuluğa aid heç bir rəsm və ya işarə tapılmayıb. Düzdür, vəhşi heyvan təsvirləri var, amma bunlarla yanaşı, hörümçək, əqrəb və müxtəlif həşəratların da rəsmləri var. Adam heykəli, daşdan yonulmuş iri adam başı var. Bunların da anlamı heç cür başa düşülmür.

Başa düşülməyən bir də odur ki, bu abidələr düzüldükdən sonra üstü basdırılıb. Niyə? Təsvir olunan heyvan rəsmləri də indiki heyvanların görkəmindən fərqlidir. Bu da təkamül prosesinin ayağına yozulur. Burada 60 ton ağırlığında "T" şəkilli abidə, çəkisi tonlarla ölçülən yonulmuş, cilalanmış, təsvirli müxtəlif nəhəng daşlar varsa, məqsəd nə imiş? Alimlər axtarıb heç bir kəsici, yonucu alət, yaxud insan, heyvan skeleti də tapmayıblar. Yaxınlığında nəinki yaşayış məskəni, heç "gecəqondu" da olmayıb. Quraşdırılıb, sonra da üstü torpaqla, qumla örtülüb, vəssalam! Axı niyə? Bunu edənlər kimlər olub, Yer adamları, yoxsa yadplanetlilər?

Arxeologiya faktlara əsaslanan yeganə humanitar elmdir. Tapılan materialların qədimliyi və yaşı radiokarbon analizlə müəyyən edilir. Bu sınanmış elmi üsulun dünya üzrə ən dəqiq laboratoriyası Almaniyadadır. Göbəklitəpədəki tapıntıların da məhz 12 000 il əvvələ aid olmasını müəyyənləşdirən də həmin laboratoriya olub. Məbəd məqsədli şəkildə e.ə. VIII minillikdə torpaqla basdırılıb. Uzun illər məbəd kompleksi 15 metr hündürlüklü və 300 metr diametrli Göbəklitəpə hündürlüyündə yatıb qalıb. Onun aşkar edilməsi Yaxın Şərq və bütün Avrasiyada ilkin neolit dövrü haqqındakı qəbul olunmuş baxışlarda inqilabi dönüş sayılır.

Göbəklitəpədən aldığımız son ürəkaçan xəbər budur ki, qazıntı işləri dayandırılmayıb. Doğrudur, sirrinin onsuz da anlaşılmaz olması və maliyyə məsələləri səbəbindən müxtəlif vaxtlarda işin dayandırılması haqda söhbətlər, işdə ləngimələr olub. Amma insan marağının çətinliklərdən daha yüksəkdə dayanması özünü göstərib. 2015-ci ildən "Doğuş" şirkətlər qrupu (tikinti, turizm və s.) 20 illik müqavilə ilə Göbəkli təpə araşdırmalarına sponsorluğu öhdəsinə götürüb. Araşdırmaya rəhbərlik bu işin yaxşı mütəxəssislərindən olan türkiyəli professor Necmi Karula həvalə edilib. 2018-ci ildə əsas qazıntı sahəsini qardan, yağışdan qorumaq üçün üzərində örtük quraşdırılıb.

Professor Necmi bəy deyir ki, həmin vaxtdan buraya bir milyondan çox turist gəlib. Necmi bəyi həm də yaxın ərazidə olan Karahan təpə ərazilərindəki qazıntılar üçün başqan təyin ediblər. Orada da bu kimi daşların üst hissəsi görünməkdədir. İş burasındadır ki, indiyədək qazılan ərazi, ümumi araşdırmaya cəlb ediləcək ərazinin heç 10 faizi də deyil. Necmi bəydən soruşanda ki, gələnlər ən çox nəyə maraq göstərirlər? Bildirir ki, gələnlərin marağını sadəcə bu daşların özü, təsvirləri cəlb eləmir. Onun sözlərinə görə, bu qədər geniş əraziyə belə nəhəng, yonulmuş daşların haradan gətirilməsi, 7-8 metr dərinliyə hansı qüvvə sayəsində basdırılması ziyarətçiləri daha çox heyrətləndirir və ən çox bununla bağlı suallar verirlər.

- Cavab verə bilirsinizmi?

- Hələki, yox.

- Bu, dünyadakı ən qədim tapıntıdırmı?

- Nə danışırsınız? Efiopiyada (Afrika) Xadar adlı yerdə 3 milyon 200 min il əvvələ aid iki ayaq üstə yeriyən, daş alətlərdən istifadə edən, insan deməyə dilimiz gəlməsə də, meymuna bənzər canlıların skeletləri tapılıb. İndi, bu ilin noyabr ayında Şanlıurfada Dünya Arxeoloqlarının Neolitik konfransı keçiriləcək. 63 ölkədən, təxminən min nəfər neolit araşdırmaçısı bizə qonaq gələcək. Ən maraqlı tapıntılar müzakirə olacaq. Bizimki başda olmaqla, görək hansı suallara cavab tapılacaq.

- Ola bilərmi ki, Göbəkli təpə Yer övladının işi olmasın?

- Konfransı gözləyək.

Sonda xatırlatmaq yerinə düşər ki, Ptolomeyin (b.e.87-165) əsərində adı çəkilən bizim qədim Samux şəhərimiz 30 kəndi ilə birlikdə 1954-cü ildə inşa edilən Mingəçevir su anbarının altında qalıb. Yaşayış üçün həddindən artıq gözəl şəraiti olduğundan, o ərazidə bəlkə də lap qədimlərə aid tarixi abidələr daha çox tapıla bilərdi. Elektrikdən daha çox, turizm gəliri gətirə bilərdi.

Mahir BAYRAM
Medianews.az


Etiketlər:  Azərbaycanda anbarının altında qalan şəhər Turizm elektrikdən daha çox gəlir gətirə bilərdi FOTOLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ