Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 19:42
"Tağıyev: Neft" bədii filmi noyabrın 7-dən etibarən bütün kinoteatrlarda geniş izləyici auditoriyasına təqdim olunacaq.
Sonxeber.net xəbər verir ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.
"Tağıyev: Neft" filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan 4 hissəli "Tağıyev" filminin ilk hissəsidir.
Bakı Media Mərkəzinin istehsalı olan film başmaqçı ailəsində dünyaya gələn və sonrakı milyonçu taleyi ilə öz xalqı üçün böyük işlər görən Hacı Zeynalabdin Tağıyevin həyatının ən müxtəlif dövrlərini əks etdirir. Filmdə dövrünün nüfuzlu xeyriyyəçisi olan Tağıyevin fəaliyyəti ilə bağlı verdiyi çətin qərarlar, uğur qazanacağına olan inamı, inadkarlığı, sadə insanlara göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi üçün atdığı tarixi addımlarla yaxından tanış olmaq, onun yaşadığı dövrə bir növ səyahət etmək mümkün olacaq. Film, Şərqdə ilk "Qızlar məktəbi"nin Azərbaycanda tikilməsinə, ölkədə neft sənayesinin inkişafına, Bakı şəhərinin zəruri infrastrukturunun yaradılmasına nail olan Tağıyevin yaşadığı cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu tamaşaçıya bədii-estetik formada çatdırır. Ekran əsərində XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə də toxunulur.
Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500-dən çox yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Ekran işinin ərsəyə gəlməsinə "Neqsol Holding", "Kapital Bank", "Bakcell" və "Norm" şirkətləri də dəstək verib.