Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 16:14
Bakı. Trend:
Rusiya xarici işlər naziri Serqey Lavrovun sözügedən bəyanatında “əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından Trend-ə verilən məlumata görə, bu barədə icmanın bəyanında deyilir.
Bəyanatda bildirilir: "Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Serqey Lavrovun Bakıya səfəri zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi diqqət mərkəzində olmuşdur. Rusiya xarici işlər naziri xüsusilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında birbaşa təmasların bərpa olunmasının əhəmiyyətini qeyd etmiş, bunun çox perespektivli mövzu olduğunu bildirmişdir. S.Lavrov həmçinin Dağlıq Qarabağın bütün əhalisinin istənilən halda gələcəkdə necə yaşayacaqlarını birgə müəyyən edəcəklərinin önəmini vurğulamışdır.
S.Lavrovun sözügedən bəyanatında “əhali” sözünün qeyd olunması Dağlıq Qarabağın azərbaycanlı icmasının bu qəbildən olan bəyanatlarının ruhuna uyğundur. Bizim əvvəlki bəyanatlarımızda dəfələrlə bildirildiyi kimi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərimizdən çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtması və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhəDdlərinin bərpa edilməsindən sonra, Dağlıq Qarabağ bölgəsində erməni icması ilə sülh şəraitində birgə yaşayışın yenidən bərpa edilməsinin tərəfdarıyıq.
Dağlıq Qarabağın əzəli azərbaycanlı sakinləri öz torpaqlarına qayıtmayınca, bölgənin hər hansı formada inkişafından söhbət gedə bilməz. Bizim ali məqsədimiz öz yurdumuza qayıtmaq, dağıdılmış tarixi, mədəni, dini irsimizi bərpa etmək və Dağlıq Qarabağda yenidən insanların dinc, xoşbəxt şəkildə yaşayışını təmin etməkdir. Yalnız belə olan halda bölgəmizdə ədalətli və daimi sülhün bərqərar edilməsi mümkündür".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin