Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanın mülki aviasiyası: Gələcəyə inamlı baxış (FOTO)

Azərbaycanın mülki aviasiyası: Gələcəyə inamlı baxış (FOTO)

Tarix: 5 Dekabr 2019 11:42

Bu il dekabr ayının 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) təməlini qoyan Beynəlxalq mülki aviasiya haqqında konvensiyanın (Çikaqo Konvensiyası) imzalanmasından 75 il ötür. Həmin tarix həm də Beynəlxalq Mülki Aviasiya Günü elan olunmuşdur.

80 ildən artıq mülki aviasiya tarixi olan Azərbaycan 1992-ci ildə konvensiyanı ratifikasiya edərək ICAO-nun tamhüquqlu üzvü olmuşdur (təşkilata 193 ölkə daxildir). Səmada ilk ciddi addımlar XX əsrin əvvəllərində atılmış, 1938-ci ilin 2 iyun tarixində ölkədə ilk müstəqil mülki aviasiya qurumu yaradılmışdır. Həmin gün Azərbaycanda mülki aviasiyanın yaranma tarixi hesab olunur.

Müstəqillik illərində Azərbaycanın mülki aviasiyası xeyli yol qət etmiş, yeni şərtlər, aviasiyanın texniki yenidənqurulması və kadr hazırlığı nəzərə alınaraq hüquqi baza yaradılmışdır. Bununla da ölkədə aviasiyanın sürətli inkişafı başlamışdır. Hava gəmiləri parkının mərhələli şəkildə yenilənməsi və müasir tələblərə uyğun təkmilləşdirilməsi, qlobal texniki yeniliklərin sistemli şəkildə tətbiqi nəticəsində “AZAL” qısa müddət ərzində dünyanın aparıcı aviadaşıyıcıları ilə bir sırada dayanmağa nail olmuşdur. Eyni zamanda yeni və uzaqməsafəli istiqamətləri öyrənmək, qitə uçuşlarının sərhədlərini genişləndirmək, beynəlxalq uçuşların sayını artırmaq imkanı yaranmışdır.

Müasir hava gəmiləri parkı, yüksək hazırlıqlı pilotlar, gəmidə yüksək keyfiyyətli xidmət - bütün bunlar ölkənin mülki aviasiyasının beynəlxalq aviasiya bazarında mühüm rəqabət üstünlüyünü təmin edir. Bu gün “AZAL”ın və Azərbaycanın ilk aşağıbüdcəli aviadaşıyıcısı - “Buta Airways” aviaşirkətinin hava gəmiləri Avropa, Asiya və Amerikanın 40-dan çox şəhərinə uçuşlar yerinə yetirir. Azərbaycan aviaşirkətlərinin hava donanması müasir, rahat “Airbus”, “Boeing”, “Embraer” təyyarələrindən, o cümlədən iki “Boeing 787-8 Dreamliner” və uzaqməsafəli uçuşlar üçün nəzərdə tutulan iki geniş gövdəli “Airbus A340-500” təyyarəsindən ibarətdir. Yaxın 10 il ərzində isə “AZAL” donanmasına 10 “Airbus 320 NEO” təyyarəsinin və altı “Boeing 787 Dreamliner” təyyarəsinin daxil edilməsi planlaşdırılır.

Şübhəsiz ki,ölkənin mülki aviasiyasının inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Bu gün Azərbaycan öz hava məkanını inamla idarə edir və “AZAL” dünyada öz layiqli yerini tutaraq, həm ölkədə, həm də ölkə hüdudlarından kənarda tanınır.

İşimizin keyfiyyətinin yüksək qiymətləndirilməsi bizi xüsusilə sevindirir: “Azərbaycan Hava Yolları” Britaniyanın “Skytrax” konsaltinq agentliyinin rəyinə əsasən nüfuzlu “4 ulduz” reytinqinə layiq görülüb. Qlobal aviadaşımalar sahəsində reytinqli statusun qazanılması “AZAL”ın dünya miqyasında yüksək səviyyədə tanınması deməkdir və gələcəkdə daha da təkmilləşdirmə və iddialı məqsədlərin həyata keçirilməsi üçün ən yaxşı stimuldur. Qeyd edək ki, 2015-ci ildən 2019-cu ilədək aviaşirkətin sərnişin axını 46% (2019-cu il üçün proqnoz – 2 640 000), uçuşların sayı 27% (2019-cu il üçün proqnoz – 11 600) artmışdır. 2019-cu ilin yay uçuş dövründə marşrut şəbəkəsinə rekord sayda – 50-dən artıq təyinat məntəqəsi daxil olmuşdur.

Yeri gəlmişkən, hava nəqliyyatının səmərəliliyi indeksi üzrə Azərbaycan beynəlxalq reytinqdə lider mövqe nümayiş etdirir və 141 ölkə arasında 12-ci yeri tutaraq, Ümumdünya İqtisadi Forumunun 2019-cu il üçün ''Qlobal rəqabət qabiliyyəti üzrə hesabat''ına əsasən İsveç, Norveç, Fransa, Almaniya, İngiltərə və digər inkişaf etmiş ölkələri geridə qoyur . Səmərəlilik indeksi hava nəqliyyatı xidmətlərinin cəldliyini, dəqiqliyini, sürətini və dəyərini qiymətləndirir. Bu gün tam əminliklə deyə bilərik ki, sərnişinlərin üstünlüklərinə, çevik uçuş cədvəllərinə və optimal marşrut şəbəkəsinə əsaslanan yüksək keyfiyyətli təyyarə xidmətləri sayəsində “AZAL” hava daşımaları bazarında mühüm mövqeyə malikdir.

Ölkə əhalisinin geniş təbəqəsini hava nəqliyyatı ilə təmin etmək və tələbatını ödəmək məqsədilə, dövlət başçısının tapşırığına əsasən, 2016-cı ilin dekabr ayında aşağı qiymətlə uçuşlar yerinə yetirən ilk aşağıbüdcəli “Buta Airways” aviaşirkəti yaradılmışdır. Aviaşirkətin marşrut şəbəkəsinə hazırda 20 istiqamət daxildir ki, bu da fəaliyyətin birinci ili ilə müqayisədə 100%-dən çox artım deməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hərtərəfli köməyi sayəsində Azərbaycanın hava limanları da əsaslı şəkildə dəyişib. Ölkədə fəaliyyət göstərən yeddi hava limanından altısı beynəlxalq statusa malikdir. Bu hava limanları istənilən hava şəraitində hava gəmilərini qəbul etməyə qadirdir. Vergi orqanları ilə əldə edilən razılaşmaya əsasən, aviadaşıyıcıların cəlb edilməsinə, marşrut şəbəkəsinin genişləndirilməsinə, respublikanın turizm sektorunun inkişaf etdirilməsi və təminatına yönəldilmiş yeni güzəştlər sisteminin təqdim edilməsi mümkün olmuşdur. Respublikanın bütün beynəlxalq hava limanlarını əhatə edən bu proqram yeni uçuş istiqamətləri açan yeni aviaşirkətlər və aviadaşıyıcılar üçün güzəştlər nəzərdə tutur.

Heydər Əliyev Beynəlxalq Aeroportuna aviasiya Oskarının – “Skytrax” şirkəti tərəfindən ən yüksək “5 ulduz” statusunun təntənəli surətdə təqdim edilməsi Azərbaycanda mülki aviasiya sahəsində xüsusi əhəmiyyətə malik hadisədir. Artıq bir neçə ildir ki, Bakının hava limanı postsovet məkanındakı bütün hava limanları arasında ən yaxşı hava limanı nominasiyasında liderliyini qoruyaraq (Skytrax World Airport Awards) hər il beş milyona qədər sərnişinə xidmət göstərən dünya hava limanları siyahısında üçüncü yerdədir.

Hər gün minlərlə sərnişini qarşılayan və yola salan Heydər Əliyev Beynəlxalq Aeroportu ölkənin əhəmiyyətli iqtisadi potensialını reallaşdırmaq üçün əla imkanlar yaradan ən böyük aviaqovşaqdır. Son beş ildə Azərbaycanın əsas hava limanında sərnişin axınının artımı 62% təşkil edib, 2019-cu ildə isə proqnozlaşdırılan sərnişin axını təxminən beş milyon sərnişin təşkil edəcək. Sərnişin axınını daha da artırmaq üçün Bakı hava limanından yeni istiqamətlərin açılması gözlənilir.

Son bir ildə hava limanında Etihad Airways, IranAir, Kuwait Airways, GulfAir, Flynas, Arkia, Pegasus Airlines, SmartAvia, UrAirlines, Nordwind kimi bir çox yeni aviaşirkət fəaliyyətə başlamışdır. Heydər Əliyev Beynəlxalq Aeroportuna 34 aviaşirkət 60 istiqamətdə uçuşlar həyata keçirir, yay uçuş dövründə isə 75 istiqamət üzrə reyslər yerinə yetirilib. 34 aviaşirkət sırasında 9 aviaşirkət – “Buta Airways”, “WizzAir” (Budapeşt), “AirBaltic” (Riqa), “Pegasus” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Şərcə), “Jazeera Airways” (Küveyt) və “Smartavia” (Sankt-Peterburq) aşağı qiymətlə uçuşlar təklif edən aviadaşıyıcılardır.

Azərbaycan hava limanlarında yerüstü xidmət həmçinin bütün dünya standartlarına cavab verir. Bakı aviaqovşağında beynəlxalq normaların tələblərinə uyğun fəaliyyət göstərən yük terminallarının mövcud olması beynəlxalq yük daşıyıcıları üçün hava limanının əhəmiyyətini xeyli artırır. Azərbaycan aviasiyası nəinki Cənubi Qafqazda, ümumdünya yük daşımaları bazarında da lider mövqe tutur.

Aviasiya sənayesi tranzit potensialının artırılması səylərinə xüsusi diqqət yetirir. Postsovet məkanında və Yaxın Şərqdə yeganə mərkəz olan, Azərbaycanın hava məkanında çoxsaylı uçuşları idarə edən Hava məkanından səmərəli istifadə, strategiya və inkişaf mərkəzi (ASEC) bu məsələdə ciddi irəliləyiş üçün imkan yaradır. ASEC yaratmaqla “Azərbaycan Hava Yolları” ölkənin mülki aviasiya tarixində yeni bir səhifə açdı. Mərkəz regionda aviasiya sektorunun inkişafına əlavə təkan verdi. Bu gün Azərbaycanın ərazisi üzərində 90 mindən çox tranzit uçuş həyata keçirilir.

Azərbaycan mülki aviasiyası səmərəli, təhlükəsiz, dəqiq, sürətli və rahat hava nəqliyyatını təmin etməklə uçuşların təhlükəsizliyi və sərnişindaşıma sahəsində ciddi nəticələr nümayiş etdirir. Azərbaycanın hava məkanında ICAO tələblərinə uyğun olaraq üçsəviyyəli təhlükəsizliyi idarəetmə sistemi mövcuddur. Uçuşların təhlükəsizliyini təmin etmək üçün yeni aeronaviqasiya sistemlərinin tətbiqi ölkənin hava məkanından istifadə edənlərin sayını xeyli artırır.

Azərbaycanda aviasiya təhlükəsizliyi sahəsində yüksək səviyyədə nəticələrin əldə olunmasını ICAO Şurası prezidentinin təqdim etdiyi fəxri mükafat – “Yüksək nailiyyətlərə görə” sertifikatı təsdiq edir. Ölkəmiz uçuşların təhlükəsizliyi sahəsində nəzarətin həyata keçirilməsində və beynəlxalq standartların effektiv tətbiqində yüksək nailiyyətlərə görə bu sertifikatla təltif olunan 16 dövlətlə bir sırada durur. Uçuşların təhlükəsizliyi sahəsində görülən tədbirlərə yüksək qiymət verilməsi ilə yanaşı aviasiya təhlükəsizliyinin inkişafı sahəsində də bir çox işlər görülmüşdür. Qlobal səviyyədə aviasiya təhlükəsizliyinin təmin edilməsi çərçivəsində gələn ilin yaz aylarında Bakıda IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) “Uçuşların təhlükəsizliyi və uçuş istismarı”na dair nüfuzlu konfransının (SFO 2020) keçirilməsi planlaşdırılır. Konfransda IATA-nın baş direktoru, ICAO-nun baş katibi, aviadaşıyıcıların, aviasiya texnikası və avadanlıq istehsalçılarının yüksək rütbəli rəhbərliyi daxil olmaqla, bütün dünya ölkələrindən 400-dən artıq nümayəndənin iştirakı gözlənilir. Bundan əlavə, Banqkokda keçirilən səsvermənin nəticələrinə görə, Bakı CANSO (Civil Air Navigation Services Organization) beynəlxalq aeronaviqasiya təminatçıları təşkilatının “Qlobal ATM Summit 2020” ümumdünya sammitinə ev sahibliyi edəcək. Sammit 2020-ci ilin iyun ayında keçiriləcək.

asiyanın inkişafı təkcə irimiqyaslı iş həcmi ilə deyil, həm də kadrların keyfiyyət baxımından inkişafı ilə də xarakterizə olunur. Kadrların ixtisasının davamlı təmin edilməsinə böyük diqqət yetirilir. Azərbaycan mülki aviasiyası hər zaman peşəkar kadr hazırlığı məktəbi ilə fərqlənmişdir. Ölkəmiz rektor, akademik Arif Paşayevin rəhbərliyi ilə fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (NAA) vasitəsilə aviasiya sahəsində təhsili və təlimi təmin edir. Akademiya Azərbaycanda aviasiya mütəxəssisi üçün təhsilin tam həcmdə təmin olunduğu yeganə təhsil müəssisəsidir.

Akademiyada aviasiya heyəti üçün təlim keçən və dörd FFS kompleks simulyatoru (Tam Uçuş Simulyatoru) və üç CBT (Kompüter əsaslı təlim) sinfi ilə təchiz olunan Pilotların Hazırlığı Mərkəzi fəaliyyət göstərir. Azərbaycanın aşağıbüdcəli “Buta Airways” aviaşirkətinin pilotlarının tam hazırlığı və sertifikatlaşdırılması həmçinin yaxın zamanda alınacaq “Embraer E190-E1” uçuş simulyatoru sayəsində mümkün olacaqdır.

Təqribən bir əsr ərzində Azərbaycan mülki aviasiyası ümumdünya aviasiya bazarında layiqli pilləyə yüksəlmişdir. Bu irəliləyiş öz mürəkkəb, lakin vacib və zəruri işində fədakarlıq göstərən insanların gərgin əməyi və enerjisi sayəsində mümkün olmuşdur.

Azərbaycan mülki aviasiyası yeni inkişaf mərhələsindədir - dünyanın aparıcı aviaşirkətləri ölkəmizi həm müntəzəm reyslərin yerinə yetirilməsi, həm də uçuşların bir biri ilə uzlaşdırılması üçün seçirlər. Bu, gələcəkdə ölkənin mülki aviasiyasını keyfiyyətcə yeni,daha yüksək səviyyəyə yüksəldə biləcək işin yalnız bir hissəsidir.


Etiketlər:  Azərbaycanın mülki aviasiyası Gələcəyə inamlı baxış FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ