Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2024 03:04
Son 10 il ərzində kokain Cənubi Amerikanın ən sabit ölkələrindən biri - daha təhlükəsiz küçələri və bir çox qonşularına nisbətən daha yüksək həyat səviyyəsinə malik olan Ekvadoru qitənin ən təhlükəli ölkəsinə çevirib.
Sonxeber.net cinayətkarlığın və narkotik ticarətinin tuğyan etdiyi Ekvadordakı durumla bağlı yazısını təqdim edir.
Ekvador iki böyük kokain istehsalçısı - Kolumbiya və Peru arasında yerləşməsinə baxmayaraq, uzun illər nisbətən sakit ölkə hesab olunurdu. Amma son illərdə bu ölkədə də narkomafiya qrupları güclənib. Bura həm yerli cinayətkar dəstələr, həm də kolumbiyalı, perulu və alban mənşəli qruplaşmalar daxildir.
Təkcə ötən il burada 8 mindən çox qətl hadisəsi qeydə alınıb. Öldürülənlərin siyahısı və sosial statusu da fərqlidir. 2023-cü ildən bəri güllələnən və ya öldürülənlər arasında 10 voleybolçu, 9 balıqçı, 6 mer, 5 əcnəbi turist, 2 prokuror, prezidentliyə namizədlər və bir siyasi partiya lideri var.
Narkokartellər Ekvadoru kokain ticarətinin əsas qlobal mərkəzi olan "narko-dövlətə" çeviriblər. Bütün dünya bu iddianın doğruluğunu 2024-cü il yanvarın 8-də şahidlik etdi. Həmin gün maskalı silahlı şəxslər Ekvadorun TC Televisión televiziya şirkətinin binasına daxil olaraq teleaparıcıları və jurnalistləri canlı efirdə girov götürdü. İki ay əvvəl vəzifələrinin icrasına başlayan 36 yaşlı ölkə başçısı Daniel Noboa elə həmin gün ölkədə 60 gün müddətinə komendant saatı tətbiq edir və narkokartellərlə müharibəyə başlayır. Qanqster qrupları buna cavab olaraq dövlətə qiyam qaldıraraq ölkənin müxtəlif həbsxanalarında bir neçə dəfə iğtişaşlar törədir, ictimai yerlərdə partlayışlar təşkil edir, həbsxana mühafizəçiləri və həbsxana administrasiyalarının nümayəndələrini girov götürürdülər. Yerli mətbuatın məlumatına görə, hücum edənlərdən bəzilərinin yaşı 16-dan aşağı olub.
Vəziyyət o qədər kritik həddə çatıb ki, sənaye şəhəri Duranda orta hesabla hər 19 saatda 1 nəfər öldürülür. Dünyada yetişən bananların 10%-ni təmin edən El Oroda vilayətinin limanları, meyvələrinin daşınması üçün istifadə edilən infrastruktur nəhəng qaçaqmalçılıq cəbhəsinə çevrilib.
Mokaçe şəhərində isə din xadimlərinə qanqsterləri axirətdə qorunmağı təmin etmək üçün pulemyot və digər silahlarla basdırmaq tapşırılıb. Dəhşətli cinayətlərdən biri isə Ekvadorun əsas limanı olan Quayakilin kasıb bölgəsi sayılan San-Fransisko səmtində baş verib. Qanqsterlər tərəfindən uşaqların polisə məlumat vermələrinin qarşısını almaq üçün onların dillərinin kəsilməsi ilə bağlı xəbər təsdiqini tapıb.
Bütün bunlarından fonunda 2022-ci ilə qədər peyk şəkilləri göstərib ki, Kolumbiyanın kokain plantasiyalarının yarısı cənuba - Ekvadorla sərhəd bölgələrə köçürülüb.
Təsadüfi deyil ki, əsas beynəlxalq resurslarda Ekvadorun paytaxtı Kito şəhəri dünyanın ən təhlükəli şəhərləri sırasında yer alıb.
Dövlət mütəşəkkil cinayətkar dəstələrlə müharibə elan etsə də, Ekvadorun bu mübarizədən qalib ayrılması perspektivi dumanlı görünür. /Lent.az