Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2025 20:15
Gözəllik salonlarında və bərbərlərdə saç yumağın sağlamlıq risklərinə səbəb ola biləcəyi açıqlanıb.
Sonxeber.net xəbər verir ki, Westminster Universitetinin nevroloqu Maria Aşioti "gözəllik salonu insult sindromu" (BPSS) adlanan nadir, lakin təhlükəli vəziyyət barədə xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə bu sindrom saç yuyularkən boynun həddindən artıq arxaya əyilməsi və dönməsi nəticəsində baş verir. Bu zaman boyundakı əsas damarlar sıxılır, beyin qan dövranı pozulur və insult riski yaranır.
BPSS adətən 50 yaşdan yuxarı qadınlarda daha çox müşahidə olunur. Boyun artriti, damar daralması və ya sümüklərdə çıxıntılar olan şəxslər risk qrupuna daxildir. Lakin sağlam insanlarda da nadir hallarda belə hal baş verə bilər.
Xəstəliyin ilkin əlamətləri boyun ağrısı, başgicəllənmə və halsızlıqdır. Daha sonra isə üzün sallanması, bədənin bir tərəfində zəiflik və nitq pozuntuları kimi tipik insult simptomları ortaya çıxa bilər.
Aşioti bildirib ki, riskin azaldılması üçün saç yuyularkən boynun çox arxaya əyilməsinə imkan verməmək, dəsmal və ya yastıqla dəstək qoymaq, narahatlıq hiss olunarsa mövqeyi dəyişmək tövsiyə olunur.
Qeyd edək ki, BPSS çox nadir hallarda rast gəlinir, lakin vaxtında müəyyən edilmədikdə ağır nəticələrə səbəb ola bilər.