Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2025 19:04
"Komandanı, rəhbərliyi və azarkeşləri önəmli qələbə münasibətilə təbrik edirəm. Hazırda hər bir xal bizim üçün önəmlidir. Sevindiricidir ki, xal qazanmağa davam edə bilirik. Halbuki bizdə sabitlik çatmırdı. Taktiki baxımdan da rəqibə üstünlük vermədik. Oyun orta xətdə gedirdi. Bu xal Premyer Liqada qalmağımıza kömək edəcək".
Teleqraf xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Sabah" komandasına 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
Qol vurduqdan sonra nəticəyə oynadıqlarını deyən 44 yaşlı mütəxəssis rəqib baş məşqçi Vasili Berezutskinin bilərəkdən vaxt itirməsinə dair iradına belə cavab verib: "Qol vurduqdan sonra nəticəyə oynadıq. İkinci hissədə tempin aşağı olması da bununla əlaqədar idi. Ümumən yanaşmam başqadır. Mən heç vaxt belə şeylərə fikir vermirəm. "Turan Tovuz"la qarşılaşmada 82 - 90-cı dəqiqələrdə oyun olmadı. Bu da normaldır. Gedim deyim ki, niyə tez oynamırsınız? Normal haldır. Rəqib uzun ötürmələrlə gəlmək istəyirdi, biz isə əks hücumları. Oyuna 7 dəqiqə əlavə olunması ilə razıyam, amma "Turan Tovuz"la görüşdə bu qədər artım olmamışdı. Halbuki dayanmalar daha çox olmuşdu. Futbolçuya deyə bilmərəm ki, tez oynayın. Bizim də qələbə qazana bilmədiyimiz komandalar olub. Məsələn, "Qarabağ"dan xal ala bilərdik".
Abbasovun fikrincə, yeganə qolun müəllifi Edqar Adilxanovun milli komandada oynaması üçün hələ tezdir: "Onun böyük potensialı var, hələ ilk addımlarını atır. Amma daimi oynasa, milliyə namizəd ola bilər. Çağırılsınlar, amma misallar çəkə bilərəm ki, tez parlayıb tez də sönürlər. Elvin Cəfərquliyev və Toral Bayramov kimi hazır olmaq lazımdır ki, millidə oynaya biləsən".
Baş məşqçi hazırda yalnız Premyer Liqada qalmağı düşündüklərini söyləyib: "Kimdən öndə olub-olmamaq bizim üçün önəmli deyil. Əsas məsələ Premyer Liqada qalmaqdır. Daha çox irəli qalxmağımız lazımdır. 5-6 komanda arasında yerdəyişmə gedəcək. Rəqiblərdən heç vaxt geri qalmamışıq. Amma futbolçularıma deyirdim ki, heç vaxt ruhdan düşməyin. Sevindirici haldır ki, ruhdan düşmədilər".