Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2025 18:48
Google-un son alqoritm dəyişiklikləri Türkiyədəki müstəqil xəbər saytlarının trafikində ciddi azalmaya səbəb olub.
Sonxeber.net xəbər verir ki, 2025-ci ilin yanvar ayından etibarən tətbiq edilən bu yeniləmələr T24, Medyascope, Diken və BirGün kimi müstəqil media qurumlarının Google-un "Discover" və "News" alətlərindən gələn ziyarətçi sayında kəskin enişə səbəb olub. Bu vəziyyət həmin saytların maliyyə dayanıqlılığına mənfi təsir edərək bəzilərinin bağlanmaq riskini artırıb.
Müstəqil media qurumları bu dəyişikliklərin ictimaiyyətin xəbərlərə çıxışını məhdudlaşdırdığını bildirərək, yerli və beynəlxalq hüquqi addımlar atacaqlarını açıqlayıblar. Google sözçüsü isə edilən dəyişikliklərin xüsusi olaraq bəzi saytları hədəf almadığını və məqsədin axtarış təcrübəsini yaxşılaşdırmaq olduğunu bildirib.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 2025-ci ilin fevral ayında verdiyi açıqlamada, Google-un 2024-cü ilin avqustunda etdiyi alqoritm yeniləməsinin Türkiyə internet mediasına mənfi təsir etdiyini və bunun qəbuledilməz olduğunu vurğulayıb. Nazir, Google rəsmiləri ilə lazımi danışıqların aparıldığını və Türkiyənin internet ekosisteminin ədalətli şəkildə işləməsinin vacib olduğunu bildirib.
Bu hadisələr Türkiyədəki müstəqil media qurumlarının rəqəmsal platformalardan asılılığını və bu platformaların siyasətlərinin yerli mediaya təsirini bir daha gündəmə gətirib. Xüsusilə, Google-un alqoritm dəyişikliklərinin müstəqil xəbər saytlarının auditoriyasını azaltdığı və ifadə azadlığı, media müxtəlifliyi barədə mənfi təsirlər yarada biləcəyi ilə bağlı narahatlıqlar səsləndirilir. /Lent.az