Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2025 22:12
13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında 2 idmançımız tibbi təsnifatdan keçə bilməyib.
Bu barədə Sonxeber.net-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Belə ki, 2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib:
"Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarının keçirildiyi B1, B2 və B3 kateqoriyaları Paris-2024 Yay Paralimpiya Oyunlarınadək olan dövrdə və Paris Paralimpiadanın özündə kateqoriya sayı azaldılaraq J1, J2 kateqoriyaları üzrə təşkil edildi. Dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarıldı.
Bu səbəbdən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) tərəfindən paracüdoçularımız yenidən tibbi təsnifata cəlb edildilər. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi paracüdo yarışlarında təmsil etsə də, müvafiq dəyişikliklər səbəbindən artıq paracüdo yarışlarında mübarizə apara bilməyəcəyi dəqiqləşib.
Dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün Komitə tərəfindən bütün addımlar atılır".
Milli Paralimpiya Komitəsi qeyd edib ki, bütün idman növlərində yeni idmançı nəslinin formalaşmasında maraqlıdırlar:
"Komitə tərəfindən ötən il təşkil edilən Uşaq Paralimpiya Oyunları, Paralimpiya çempionları ilə keçirilən ustad dərsləri və təbliğat işlərimiz buna hesablanıb. Sevindirici haldır ki, yeniyetmə və gənc paralimpiyaçılarımız bu il məktəblilər arasında keçirilən Gimnaziada İdman Oyunlarında, parapauerliftinq üzrə Dünya Kubokunda, beynəlxalq badminton və parataekvondo yarışlarından Vətənə medallarla qayıdıblar".