Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2019 19:40
Bakı. Trend:
Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində keçirilən beynəlxalq seminarın iştirakçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında infoturda iştirak ediblər.
Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, yerli və beynəlxalq təşkilatların nümayəndələrinin, beynəlxalq ekspertlərin iştirak etdiyi infoturda iştirakçılara İnstitutun fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib.
İnfoturun keçirilməsində məqsədi seminar iştirakçılarını AQTİ, Analitik Ekspertiza Mərkəzi və müasir standartlara uyğun laboratoriyaların fəaliyyəti, maddi-texniki bazası ilə yaxından tanış etmək, xarici ölkələrlə qida sahəsində genişlənən əlaqələrin əhəmiyyətinə diqqət çəkməkdir.
Bildirilib ki, AQTİ-nin fəaliyyət istiqamətləri ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunmasıdır ki, bu məqsədlə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik Ekspertiza Mərkəzinin nəzdində Bakı şəhərində 6, regionlarda 13 laboratoriya fəaliyyət göstərir. Laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi həyata keçirilir.
Daha sonra laboratoriyalarda aparılan müayinələri əyani şəkildə müşahidə edən iştirakçılar ölkəmizdə bu sahədə yaradılan şəraiti yüksək dəyərləndirib, burada beynəlxalq standartlara uyğun metodlarla müayinələrin aparılmasının ölkədə qida təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusi qeyd ediblər.
İnfotur çərçivəsində iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində keçirilən beynəlxalq seminar 9-11 dekabr tarixlərində baş tutub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin