Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2019 10:35
Bakı. Trend:
Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının “Muğamat var olan yerdə” birgə layihəsi çərçivəsində növbəti tədbir görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilib.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salınıb, muğam sənətinin inkişafındakı xidmətləri vurğulanıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov çıxış edərək deyib ki, tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər planı çərçivəsində hazırlanıb.
Bildirilib ki, muğam sənətinin inkişafında müstəsna xidmətləri olan Hacıbaba Hüseynov özünəməxsus səs tembrinə və texnikaya malik sənətkarlardan hesab edilir. Onun muğam məktəbinin təkmilləşməsindəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Xanəndənin sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Onun yaratdığı çoxsaylı təsniflər musiqi irsimizə daxil olaraq muğam ifaçılığında geniş yayılıb. Görkəmli xanəndə muğamın “Üşşaq” və “Hüseyni”, “Novruz-rəvəndə”, digər muğamlarda olan “Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. Diqqətə çatdırılıb ki, xanəndənin təşəbbüsü ilə “Bayatı-şiraz” muğamının “Dilruba” şöbəsi dərsliyə əlavə olunub. Xalq yaradıcılığına da böyük diqqət yetirən xanəndə Azərbaycanın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib.
Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrarlayaraq muğamın incəliklərini öyrənib. Sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib və ona xalqın böyük sevgisini qazandırıb. Onun yazdığı qəzəllər bu gün də xanəndələr tərəfindən ən çox müraciət olunan nümunələr sırasındadır.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müəllim və tələbələrinin ifsında konsert proqramı ilə davam edib. Konsertdə xalq və bəstəkar mahnıları ifa olunub, muğamlarımız səsləndirilib.
Konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi bir sıra layihələr - “Muğam axşamları”, “Muğamat var olan yerdə”, “Unudulmayanlar”, “Dastan gecələri”, “Aşıq musiqisi axşamları”, “Yeni nəsil dəvət edir” və digər layihələrlə mütəmadi olaraq çıxış edir. Layihələrin məqsədi muğam sənətini, aşıq musiqisini, dastanları, xalq mahnılarını və təsnifləri nəsildən-nəslə ötürməkdir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin