Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təranə Muradova yubileyinə hazırlaşır - FOTO

Təranə Muradova yubileyinə hazırlaşır - FOTO

Tarix: 4 Avqust 2025 22:27

Tanınmış xoreoqraf, Azərbaycanın və dünya xalqlarının rəqslərinin ifaçısı, baletmeyster, Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti, dosent Təranə Muradova 6 avqustda 60 illik yubileyini qeyd edəcək. Bakı Xoreoqrafiya Məktəbinin (hazırda - Bakı Xoreoqrafiya Akademiyası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Rusiya Dövlət Sosial Universitetinin məzunu olan Təranə Muradova həyatının 40 ildən çoxunu xoreoqrafiya sənətinə həsr etmişdir.

17 yaşında Azərbaycan Dövlət Rəqs Ansamblında çıxış etməyə başlamış və qısa zamanda
ansamblın aparıcı solistlərindən birinə çevrilmişdir. 30 yaşında isə ansamblın baletmeysteri təyin
olunmuşdur. Dövlət tədbirləri, mədəniyyət günləri, müxtəlif layihə və festivallar, UNESCO və
TÜRKSOY-un əhəmiyyətli layihələri çərçivəsində dünyanın bir çox mötəbər səhnələrində - La
Skala, Aspendos, Kreml Sarayı, Böyük Teatr və s. - çıxış edərək milli sənətimizi böyük uğurla
təmsil etmişdir. Bir çox beynəlxalq müsabiqələrin laureatı olan Təranə Muradova yalnız milli
rəqsləri deyil, həm də dünya xalqlarının rəqslərini yüksək səviyyədə təqdim etmişdir. 1998-ci ildə
Ulu Öndər Heydər Əliyev tərəfindən birbaşa olaraq Azərbaycan Respublikasının Xalq artisti fəxri
adına layiq görülüb.

"Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın sayəsində milli
incəsənətimiz, mədəniyyətimiz və irsimiz bütün dünyada tanınıb və şöhrət qazanıb. Dövlət
tərəfindən mədəniyyət xadimlərinə, incəsənətin müxtəlif sahələrinin inkişafına və təbliğinə
xüsusi diqqət və qayğı göstərilir. Qeyd etmək istərdim ki, yubileyim münasibətilə bir sıra
tədbirlər keçiriləcək, yaradıcılıq proqramları və konsertlər təqdim olunacaq, sürprizlər hazırlanıb.
Onlardan biri yaxın günlərdə - 30 oktyabr - 2 noyabr tarixlərində Bakıda keçiriləcək "Azerbaijan
Dance Festival 2025" çərçivəsində təqdim olunacaq. Bu, ənənələri, sənəti və ilhamı birləşdirən
beynəlxalq miqyaslı bir hadisədir. Yubileyimə həsr olunmuş "Night of the Dancing Diamonds"
adlı qala axşamında məşhur xarici xoreoqrafın iştirakı ilə ortaq çıxış - sürpriz təqdim olunacaq.
Festivalda Azərbaycanın milli rəqsi müasir bal rəqsləri ilə bir araya gələcək və mədəniyyətlərin,
üslubların sintezində möhtəşəm bir harmoniya nümayiş olunacaq", - deyə Təranə Muradova
bildirib.

Pedaqoq və xoreoqraf kimi bir çox istedadlı rəqqasələrin yetişməsində böyük rolu olmuş, 15 il
ərzində Azərbaycan Milli Konservatoriyasının İncəsənət Gimnaziyasının xoreoqrafiya kafedrasına
rəhbərlik etmiş, son 10 ildə isə Bakı Xoreoqrafiya Akademiyasının prorektoru kimi fəaliyyət
göstərmişdir. Eyni zamanda "Səyyah" uşaq rəqs ansamblı və "Odlar Yurdu" rəqs ansamblı da
daxil olmaqla bir sıra rəqs kollektivlərinin yaranması və fəaliyyətində fəal iştirak etmişdir. O,
həmçinin Azərbaycan Rəqs İttifaqının prezidentidir, bir çox beynəlxalq tədbirlərin açılış
mərasimlərinin quruluşçu xoreoqraf, milli və beynəlxalq festivalların və müsabiqələrin münsiflər
heyətinin üzvü olmuş, müxtəlif ölkələrdə rəqs tamaşaları qurmuş və ustad dərsləri keçmişdir.


Etiketlər:  Təranə Muradova yubileyinə hazırlaşır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ