Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 15:12
Bakı. Trend:
Dekabrın 10-dan 12-dək İsveçin paytaxtı Stokholm şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) Baş Assambleyasının növbəti iclası keçirilib.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Daxili təhlükəsizlik şöbəsinin rəisi Sahib İsmayılov və Baş İdarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru İsfəndiyar Hacıyev təmsil edib.
Beynəlxalq, regional və qeyri-hökumət təşkilatlarının, eləcə də ayrı-ayrı dövlətlərin 130-dan artıq nümayəndəsinin iştirak etdiyi "Korrupsiyanın əsas mexanizmlərinin təhlili - qlobal çağırışlar və qabaqlayıcı tədbirlər" mövzusunda keçirilən iclasda İsveç Krallığının yüksək vəzifəli şəxsləri çıxış edərək tədbirin əhəmiyyəti və qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Tədbirdə dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarının nümayəndələri arasında təcrübə mübadiləsi, bu sahədə yaranan problemlərə dair müvafiq müzakirələr aparılmış, paralel panellər çərçivəsində antikorrupsiya təhsili sahəsində yeni ehtiyaclar və çağırışlar, dövlət satınalmaları və Avropada aparılan antikorrupsiya tədbirləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə aparılan mütərəqqi islahatlar, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional və qanunvericilik islahatları barədə ətraflı məlumat verilib. Anti-korrupsiya təhsilinin korrupsiyanın qarşısının alınmasında vacib komponentlərdən biri olduğu nəzər alınaraq, qurumun üzvlərinə nəzəri cəhətdən praktik biliklərə keçməyə imkan verən yeni metodologiyanın hazırlanması təklif edilib.
Korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar maraqla qarşılanıb.
İclasda təşkilati məsələlərə baxılaraq qurumun rəhbər heyətinə seçkilər keçirilmiş və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə dair Bəyannamə qəbul edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin