Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2019 10:32
Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri” adlı tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdən öncə Dövlət Agentliyinin rəhbərliyi və kolektivi Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini yad ediblər. Daha sonra tədbir cəmiyyətin akt zalında davam etdirilib.
Giriş nitqi ilə çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, neft və sənaye sahələrinə verdiyi töhfələr, həyata keçirdiyi irimiqyaslı layihələrdən söz açaraq, Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində bütün sahələrdə olduğu kimi, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyulduğunu bildirib.
S.Məmmədov əlavə edib ki, bu gün həmin islahatların nəticəsidir ki, ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən sayılan avtomobil yolları təsərrüfatında köklü dəyişikliklər olub, yol infrastrukturuna dair yüksək əhəmiyyət daşıyan layihələr həyata keçirilib, yeni yollar, körpülər salınıb. Bir sözlə, Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin əsas prioritetlərindən birinə çevrilib.
Bununla yanaşı, İdarə Heyətinin sədri Azərbaycanın müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında əldə etdiyi bütün nailiyyətlərin təməlində, heç şübhəsiz, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, onun layiqli davamçısı Prezident İlham Əliyevin müasir dövrün reallıqlarına uyğun qətiyyət və ardıcıllıqla gerçəkləşdirdiyi mükəmməl strategiya, uğurlu xarici və daxili siyasətin dayanmasından geniş söhbət açaraq çıxışını yekunlaşdırıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin