Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanı heyran edən istedad

Dünyanı heyran edən istedad

Tarix: 18 Dekabr 2019 01:30

Vaqif Mustafazadəni Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Onu Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar. Vaqif Mustafazadənin adı musiqi tariximizə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini  - Caz-Muğam sintezini yaradan bəstəkar kimi yazılıb. "Caz ürək musiqisidir" deyən bəstəkarı həmçinin, Azərbaycan Muğam Caz Hərəkatının memarı hesab edirlər. "Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir"-deyə tanınmış amerikalı tənqidçi onun haqqında yazmışdı.

Vaqif Mustafazadənin yaradıcılıq dövrü 60-cı illərə təsadüf edir. Bu, sovet məkanında cazın çiçəklənmə dövrü idi.
 
Səsi-sorağı dünyanı dolaşdıqca
 
Anası Zivər xanım Azərbaycanın ilk qadın pianoçularından biri, muğamların gözəl bilicisi olub. Oğluna musiqiyə məhəbbəti də anasından keçib. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayıb. O, yerli məktəbdə musiqi müəlliməsi idi. Vaqif 3 yaşında ilk dəfə olaraq fortepianonun dillərinə toxunub və o vaxtdan bu alətdən ayrılmayıb. O, tanıdığı mahnıları istədiyi kimi, yeni variantda çalmağa başlayıb. Vaqifin fenomenal yaddaşı olub. Buna görə də o, musiqilərinin çoxunu beynində, yaddaşında toplayıb. Dünyanı tərk edəndə kağız üzərinə köçürə bilmədiyi, zehnindəki mahnılar da özü ilə birlikdə dünyanı tərk edib.

V.Mustafazadə Bakı Musiqi Kollecini bitirdikdən sonra, Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da onu elə bu illərdə haqlayıb. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifaçısı idi. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olur.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən "Azərbaycan, Vaqif Mustafazadə" sözləri eşidilir. Bəstəkar-musiqiçi Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır. O, fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi kimi tanınır. 

Sənətinə bağlılığı Vaqifi dünya musiqi festivallarının qalibinə çevirirdi. Səsi-sorağı dünyanı dolaşdıqca bu uğurun sədası təkcə öz ölkəmizdə eşidilməz olurdu. Uğurlarını həzm etməyənlər Vaqifi  "həvəskar bəstəkar" adlandırırdılar. Amma o, 1000-dən artıq caz kompozisiyasına müəllif kimi imza atmış, çoxlu mahnıya yeni həyat vermişdi. Hətta lent yazılarının ara-sıra radioda səslənməsindən ötrü qonorardan da imtina etmişdi. Televiziyada vermək istədiyi solo konsert isə maneələr ucbatından baş tutmurdu. Həyat yoldaşı Elza xanım "Vaqif həddən artıq çox işləyir, özünə rəhm etmirdi. Yuxusuna haram qataraq yeni-yeni mahnıları lentə yazdırırdı. Ürəyi də şıltaqlıq edir, ona aman vermirdi" deyə bildirirdi.
 
İçərişəhər ruhu
 
Vaqif Mustafazadə 1971-ci ildə  "Sevil" vokal-instrumental ansamblını yaradır. O, yeni qrup üçün təqdim etdiyi mahnıların harmoniyasını dəyişir, köhnə mahnılarını təzə üslubda səsləndirməyə başlayır. Ansamblın təkcə İttifaqda deyil, həm də o dövr üçün çox-çox uzaq ölkələrdə məşhurluq qazanması da elə Vaqifin gecə-gündüz çəkdiyi əziyyətin bəhrəsi idi. Min bir zəhmətlə ərsəyə gətirdiyi "Sevil" cəmi 6 il fəaliyyət göstərir. Bu illər ərzində ansamblın televiziya, radio və səhnələrdə yüzlərlə konserti keçirilir.

Dekabrın 31-də "Sevil" ansamblının ilk çıxışı baş tutur. Ansamblın ilk dəfə çıxışı rəngli televiziyanın yaranmasıyla eyni günə təsadüf edir.


Etiketlər:  Dünyanı heyran edən istedad


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ