Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi beynəlxalq magistr proqramı üçün seçilib

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi beynəlxalq magistr proqramı üçün seçilib

Tarix: 19 Dekabr 2019 11:40

Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - "TechnipFMC" arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən "Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı" layihəsinin qalibləri bəlli olub.

Əməkdaşlıq memorandumu çərçivəsində neft-qaz sahəsində çalışan tələbələrin magistr proqramı üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi tədbirlərinin keçirilməsi, elm, texnologiya və təhsil sahələrində birgə layihələrin icrası nəzərdə tutulur.

Qaliblərin elan olunması tədbirində Heydər Əliyev Fondunun, "TechnipFMC" şirkətinin, Bakı Ali Neft Məktəbinin, İtaliya səfirliyinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Təbirdə çıxışı zamanı Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov təlim proqramının məqsədi barədə danışaraq  bildirib ki, bu proqram ölkənin təhsil, ətraf mühit və texnoloji sektorun inkişafına töhfə verilməsi, texnologiya və sənaye innovasiyalarının azərbaycanlı tələbələrə və peşəkarlara ötürülməsi, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm layihələrdəndir.

3 mərhələdən ibarət layihənin ilkin mərhələsində Azərbaycandan seçilmiş 50 tələbə kurslarda iştirak edib, onlardan da 25 nəfəri BANM-in Neft-qaz və Kimya mühəndisliyi ixtisasında təhsil alan 4-cü kurs tələbələri olub. Birinci mərhələdə 5 modul üzrə 6 həftə ərzində təlimlər keçirilib. Təlimlərin sonunda magistr proqramına 15 tələbə namizəd seçilib. Həmin tələbələrdən 11 nəfər Bakı Ali Neft Məktəbinin, qalan 4 nəfər isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələridirlər. Tələbələr Fransa, İtaliya və Norveçdə 2 ay ərzində ixtisasartırma kurslarında iştirak edəcəklər.

BANM-in rektoru Elmar Qasımov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır.


Etiketlər:  Bakı Neft Məktəbinin tələbəsi beynəlxalq magistr proqramı üçün seçilib


RƏYLƏR