Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2019 19:00
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmiləri Şirvan Milli Parkında istifadəyə verilmiş aleternativ enerji mənbələrindən biri olan Günəş panellərinə baxış keçiriblər.
ETSN-dən Sonxeber.net-a verilən məlumata görə, günəş panelləri Yaponiyanın "ITOCHU Corporation" şirkətinin dəstəyi ilə quraşdırılıb.
Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə bildirib ki, Günəş panelləri həm Şirvan, həm də Qızılağac milli parklarında quraşdırılıb və istifadəyə verilib. Gələcəkdə digər xüsusi mühafizə olunan təbiət ərazilərində də alternativ enerji mənbələrindən istifadəyə keçilməsi planlaşdırılır.
Onun sözlərinə görə, Günəş panelləri vasitəsilə milli parkın 4 inzibati təyinatlı binası və bir giriş postu elektrik enerjisi ilə təchiz olunur: "Milli parklarda Günəş panellərinin quraşdırılması alternativ enerji mənbələrindən istifadəni stimullaşdırmaq məqsədi daşıyır. Eyni zamanda, elektrik enerjisindən istifadəyə qənaət olunur. Bildiyimiz kimi dünyada alternativ enerji mənbələrinin dəstəklənməsi tendensiyası gedir. Nazirlik də enerjinin bu növünün istifadəsinin tərəfdarıdır. Çünki alternativ enerji mənbələrindən istifadəyə keçmənin özü də təbiətə bir töhfədir. Milli parklarımızda bunlar nəzərə alınır".