Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda hakimiyyət və müxalifət: kim nə edir?

Azərbaycanda hakimiyyət və müxalifət: kim nə edir?

Tarix: 23 Dekabr 2019 10:00

Azərbaycanda köklü, genişmiqyaslı islahatlar daha da sürətlənib. Ölkənin siyasi, maliyyə, iqtisadi və idarəetmə sahələrindəki dəyişikliklər proseslərin intensivləşdirilməsi ilə yanaşı, Azərbaycanın yaxın illərdə və onillərdə inkişafının istiqamətlərini bəlirləyib.

Fevralın 9-da keçiiləcək növbədənkənar parlament seçkiləri ərəfəsində ölkədəki siyasi vəziyyətin konseptual durumu da dəyişikliklərə dəlalət edir.

Siyasi isteblişmentdəki köklü islahatlar, Milli Məclisin parlamentarizm məcrasına qaytarılması yönündəki konseptual qərarlar, cəmiyyətdə çox geniş rezonans doğurmuş kadr islahatları - bütün bunlar Azərbaycandakı dəyişmələrin müəllifinin və icraçısının məhz hakimiyyət olduğunu göstərir.

Bəli, postsovet məkanında ilk dəfədir ki, siyasi rəqabət müstəvisində yetkin mübarizə yoxdur, müxalifət büsbütün hakimiyyətə uduzub, amma hakimiyyət qalib statusundan sui-istifadə etmək əvəzinə, müxalifətin də görməli olduğu işləri reallaşdırır.

Ümumiyyətlə, Azərbaycan hakimiyyəti postsovet məkanında bir çox "ilk"lərə imza atmaqdadır.

Düşünün: bütün inkişaf etmiş ölkələrdə məhz müxalifət öz tələblərində hakimiyyətdən sosial proqramların icrasının sürətləndirilməsini, sənaye istehsalının artırılması ilə yanaşı, kənd təsərrüfatına investisiyaların çoxalmasını və fermerlərə proteksionist dəstəyin gücləndirilməsini, maaşlarla təqaüdlərin məbləğinin artırılmasını, müavinətlərin say və həcminin böyüdülməsini, təhsil və səhiyyəyə büdcə ayırmalarının böyüdülməsini, korrupsiya və rüşvətxorluqla mübarizənin sərtləşdirilməsini tələb edir. Həmin tələblər arasında hətta istedadlı gənclərin xarici ölkələrə oxumaq üçün göndərilməsini və bütün xərclərin dövlət tərəfindən qarşılanmasını ehtiva edən istəklər də var.

Bütün postsovet məkanında müxalifət tələb edir ki, hakimiyyət parlamenti yeniləsin, müxalifət partiyalarının aktivləşməsinə şərait yaratsın, sosiumun stabil inkişafını və vətəndaşların təhlükəsizliyini tələb etsin.

Azərbaycana baxaq.

Ölkə iqtisadiyyatının qeyri-neft sektoruna investisiyaları artıran, fermerlərə dəstəyi gücləndirən, regional inkişaf proqramlarını yeniləyən və mövcud proqramların tam reallaşdırılmasını yerlərdə tələb edən hakimiyyətdir.

Sosial siyasəti gücləndirən, maaş və müavinətlərin artırılmasının təşəbbüskarı, vətəndaşların rifahının yüksəldilməsinə yönəlmiş tədbirlər paketlərini hazırlayan hakimiyyətdir.

Ölkədəki müxalifət partiyalarından daha aktiv olmalarını istəyən, cəmiyyətlə hakimiyyətlə müxalifət arasında normal münasibətlərin formalaşmasına çağıran, sosial şəbəkələrdə vətəndaşlara tam ifadə azadlığı və fikir sərbəstliyi verən, heç bir senzura və ya məhdudlaşdırma tətbiq etməyərək tam əksinə, müxalifətin yeni, konstruktiv və effektif fəaliyyət mexanizmlərinə keçidini istəyən də yenə hakimiyyətdir.

Və ən nəhayət, müxalifətdən fərqli olaraq, hakimiyyət destruktivizmin yox, konstruktivizmin tərəfdarıdır.

Sadə həqiqətlərdir, amma müxalifətin radikallaşmış kəsimi bunu hələ də anlamaq istəmir, anlaya bilmir və çətin ki, anlasın. Cəlil Məmmədquluzadənin bəhs etdiyi "anlamaq dərdi" müxalifətdəki partiyaların tam əksəriyyətinin liderlərinə elə sirayət edib ki, onlar özlərini Şeyx Nəsrullah, ətrafındakı yavərlərini isə Şeyx Əhmədin yeni, amma mini formalı təzahürləri sayırlar.

Demokratik cəmiyyətdə, əslində, nonses sayıla biləcək və əslində, sayılmalı olan prosesin ölkədə yaşanmasının səbəbi Azərbaycanda normal müxalifət düşərgəsinin olmamasıdır. Hakimiyyətin ciddi, səbatlı, normal opponentlərə ehtiycı var: bu, həm də cəmiyyətin ən ciddi, çözülməsi çoxdan gərəkən sosial sifarişidir. Fəqət, nə edək ki, ölkədəki müxalifət partiyalarının tam əksəriyyəti ya qıc olmuş vəziyyətdədir, ya demaqoji populizmlə məşğuldur, ya da aşkar ölkə sərhədlərindən çox kənarda yerləşən strukturlardan və dövlətlərdən alınan sifarişləri dəst-xətti pozmadan yerinə yetirməklə məşğuldur.

Milli maraqlarla dövlət mənafelərini merkantil istəklərinə qurban verən "lider"lərin başçılıq etdikləri qaragüruha gəldikdə isə, onlar sanki müalicəsi olmayan ağır mərəzə yoluxublar.

Daha doğrusu, siyasi sadizm nümayiş etdirirlər.

Radikallaşmış müxalifətin istəyi ölkədə qarışıqlıq yaranması, xaos və anarxiyanın bərqərar olmasıdır.

Bu ifadələri eşidəndə və ya oxuyanda həmin "lider"lər dərhal etiraz edr, sadə həqiqətlərin inkarında bulunaraq sosial şəbəkələrdəki trol dəstəciklərini də işə salaraq buyururlar ki, xeyr, sən demə, onlar Azərbaycanın Suriyaya və ya İraqa çevrilməsinə can atmırlar, demokratiya aşiqləridir, insan haqlarına tam riayətin təşnəsindədirlər, məmləkətin tərəqqisini və inkişafını arzulayırlar.

Halbuki sözləri ilə əməlləri həmişəki kimi, tam ziddiyyət təşkil edir.

Bələdiyyə seçkilərini tanımayan, növbədənkənar parlament seçkilərini isə boykot edən lümpenləşmiş strukturlar dəyişikliklər istəyirmiş.

Necə, hansı formada, nə müddətli, hansı məqsədlərlə və konseptlə - bəlli deyil.

Dəyişiklik naminə dəyişiklik, əslində, ətalətin süstlük vəziyyətinin zahirinin fərqli olmasından başqa heç nə deyil.

İslahatların və yenidənqurmanın normal sonuclar verməsi üçün yenə də məntiqi plan, dəqiq hesablanmış strategiya və səbatlı taktika gərəkdir.

Məsələn, AXCP sədri Əli Kərimlinin və ya son vaxtlar bığ saxlayaraq "rebrendinq" etmiş "Milli Şura" sədri, uğursuz siyasətçi və elə o cür professor olan Cəmil Həsənlinin bəyanatlarını səthi olsa da, təhlil etsək, şüarçılıq, söz oyunu və aqressiyadan savayı, ortaya faktiki olaraq heç nə çıxarmaq olmur.

Əli Kərimli həmişəki ampluasına sadiq qalaraq vətəndaşları sürəkli olaraq etiraz aksiyalarına səsləyir, habelə ölkədəki vəziyyəti az qala Liviya və ya Haiti ilə müqayisə edir.

Vaşinqtondan hələ də dönməmiş Cəmil Həsənli "müstəqil bloqer"lərin YouTube kanallarında boy verərək absurd iddiallar irəli sürür, Qərbin Azərbaycanda "inqilab edəcəyi"nə işarə vurur.

Belə şüur sahiblərinin, düşüncə daşıyıcılarının Azərbaycanda vətəndaşların durumunu və rifahını fikirləşərək ön plana məhz ölkə insanın maraqlarını çıxardıqlarını ağla gətirmək belə olmur. Zənnlər və ehtimallar tam tərsini deyir çünki.

Hakimiyyət dəyişikliklər aparır, postsovet məkanında ilk dəfə yaşanan "yuxarıdan inqilab"ı gerçəkləşdirir, radikal müxalifət isə çürüyüb kəsifləşmiş "yol xəritə"lərində eşələnir, renomesini təsdiqləyir.

İstənilən formatdakı bəyanatlarının kökündə marazm duran, amma bu uyğunsuzluğu hakimiyyətə qarşı ünvanlanmış antitezalar kimi qələmə verməyə çalışan radikallaşmış, elə o həddə çatan aqressiyalaşmaya varmış "lidər"lər hələ də dərk etmirlər ki, ultimativ siyasi bəyanatlarla heç nəyə nail olmaq mümkün deyil.

Tam əksinə, mövcud vəziyyətdə hakimiyyət ən ciddi, səbatlı və qətiyyətli islahatçıdır. Siyasi iradə nümayiş etdirən hakiimiyyət özünü içdən dəyişir, daha da güclənir, ən başlıcası isə xalqın ona inamını və etibarını daha da artırır.

Kimin nə etdiyi aşkardır.

Müxalifət hələ də efemer xülyaların arxasında, səhvlərdən nəticə çıxarmayaraq yeni tələblər istehsalındadır.

Əli Kərimli və Cəmil Həsənli bəlkə də bilirlər, amma etiraf etmirlər ki, xalq onları dəstəkləmir. Sosial şəbəkələrdə bəyənmə və ya paylaşma sayı, isterik çağırışlara reaksiyalar, aqressiv bəyanatların dəstəkləyənlərin özlərini Qavroş sanmaları heç bir halda ümumvətəndaş dəstəyi deyil.

Ölkə vətəndaşları hakimiyyətin iradəsini, istəyini və planlarını dəstəkləyir.

İstənilən rəy sorğusu, sosiaoloji araşdırma bunu göstərər və əyan edər ki, hazırda xalqın hakimiyyətə olan dəstəyi, bəyənmə əmsalı maksimal səviyyədədir.

Əks mənzərə müxalifət düşərgəsində yaşanır: radikallar olan mövqelərini də itirərək darmadağın olunmuş redut durumundadır.

Əli Kərimli və Cəmil Həsənli bunları etiraf etməsələr də.

Elçin Alıoğlu
Milli.Az


Etiketlər:  Azərbaycanda hakimiyyət müxalifət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ