Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Unudulmayanlar'' layihəsi çərçivəsində xanəndə Əbülfət Əliyevin xatirəsi anılıb - Beynəlxalq Muğam Mərkəzində - FOTO

''Unudulmayanlar'' layihəsi çərçivəsində xanəndə Əbülfət Əliyevin xatirəsi anılıb - Beynəlxalq Muğam Mərkəzində - FOTO

Tarix: 23 Dekabr 2019 17:39

Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində  xanəndə, Xalq artisti Əbülfət Əliyevin xatirəsi anılıb.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Əbülfət Əliyev yaradıcılığı haqqında ətraflı məlumat verib, xanəndənin ömür yolundan və Azərbaycan muğam sənətinin təbliğindəki xidmətlərindən bəhs olunub.

Bildirilib ki, 1926-cı ildə dünyaya göz açan Ə. Əliyevin uşaqlıq illəri Cıdır düzü, Bazarbaşı məkanlarında təşkil olunan məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb. Sonradan Bakıya gələrək Azərbaycan Dövlət Filarmoniyasının solisti olub və o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verib. Görkəmli xanəndənin repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. Qeyd edilib ki, 1957-ci ildə ilk dəfə Opera və Balet Teatrının səhnəsinə çıxan Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.

Gecədə həmçinin Əbülfət Əliyevə həsr edilmiş videoçarx nümayiş edilib. Xalq artistləri , tarzən Vamiq Məmmədəliyev və Möhlət Müslümov sənətkarla bağlı xatirələrini bölüşüb, onun yaradıcılığına nəzər salıb. Gecədə gənc xanəndələrin ifasında xalq mahnıları və muğamlar səslənib.


Etiketlər:  Unudulmayanlar layihəsi çərçivəsində xanəndə Əbülfət Əliyevin xatirəsi anılıb Beynəlxalq Muğam Mərkəzində FOTO


RƏYLƏR