Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''2019 o qədər də uğurlu il olmadı mənim üçün...'' - FOTO

''2019 o qədər də uğurlu il olmadı mənim üçün...'' - FOTO

Tarix: 23 Dekabr 2019 22:20

Elcan Rəsulov: Sosial şəbəkə vasitə ilə məşhurlaşanların istəyi sonradan televiziya ekranlarında görünməkdir

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Onunla zaman sürətlə keçir. Pozitiv enerjisi, fərqli ab-havası var. Danışıb-gülməyi sevdiyi qədər də, yeri gəldikdə ciddiyyəti ilə insanları təəccübləndirməyi bacarır. Müsahibimiz komediya aktyoru, stend ap ustası Elcan Rəsulovdur. Onunla sosial şəbəkələrin yaratdığı imkanlardan danışdıq.

- Günlük olaraq sosial şəbəkələrə nə qədər zaman sərf edirsiniz?

- Demək olar ki, hər gün 6 saat sosial şəbəkədən istifadə edirəm.

- Sosial şəbəkələr siz sənətçilərə nələr qazandırır?

- Birbaşa olaraq ünsiyyət, müəyyən mənada pul qazandırır. Onu da qeyd edim ki, bu yaxınlarda "Youtube" kanalımı yaratmışam. Yaxın bir neçə il ərzində sosial şəbəkə üzərindən ən çox qazanan sənətçilərdən biri də mən olacam. Hədəfim Azərbaycanda "Youtube"dan ən çox qazanan sənətçi olmaqdır.

- Sizcə, izləyicinin çox olması üçün  məşhurluğun, yoxsa istedadın rolu böyükdür?

- İzləyicinin çox olması üçün ilk növbədə tamaşaçının zövqünü oxşamaq lazımdır. Gündəmlə ayaqlaşmaq, izləyicilərdən biri olmaq, onların problemini yaxından izləmək, yeri gəldikdə, tamaşaçı rolunu oynamaq əsas məsələlərdən biridir.

- Sizcə, blogger yaxşı aktyor ola bilərmi?

- Yaxşı aktyor əgər istəsə, yaxşı blogger ola bilər. Yaxşı blogger isə, yaxşı aktyor ola bilməz. Çünki aktyorluq özü bir istedaddır. 

- Ancaq biz bu gün bloggerləri seriallarda, filmlərdə az görmürük.

- Bu, filmləri çəkən rejissorların istəyindən asılıdır. Onlar məşhur bloggerlərin reklamından istifadə etmək üçün bu addımı atırlar ki, daha çox tamaşaçı cəlb etsinlər. Bir dönəm rejissorlar elə düşünürdülər ki, tanınmış bloggerlərdən öz filmlərində istifadə etsələr, filmləri daha çox satılacaq. Ancaq bu təcrübə özünü doğrultmadı.
 
- Doğurdanmı, sosial şəbəkələr televiziyaları üstələyib?

- Dünyanın ən inkişaf etmiş ölkələrində belə televiziya öz sanbalını qoruyub-saxlamağı bacarıb. Sosial şəbəkələr heç vaxt televiziyanı üstələyə bilməz. Çünki televiziya peşəkar qurumdur. Sosial şəbəkə vasitə ilə məşhurlaşanların istəyi televiziya ekranlarında görünməkdir. Sosial şəbəkə vasitəsilə məşhurlaşan ifaçılarımız az deyil. Orada sərhəd yoxdur və hər kəs istədiyi şəkildə özünü təqdim etmək imkanı əldə edir. Sən orada ağılsızlıq, hörmətsizlik edə bilərsən, özünü ən pis yola qoyub, məşhurlaşa da bilərsən. Ancaq televiziyada tamaşaçıya hörmət edilir. Misal üçün, ailənizlə televiziya qarşısında əyləşib, hər hansı verilişi rahatlıqla izləyə bilərsiniz, ancaq sosial şəbəkədə əlin elə bir videoya toxuna bilər ki, ona görə ailənin yanında utanarsan.   Sosial şəbəkəyə çox da arxayın olmaq olmaz.

- Amma sosial şəbəkənin verdiyi azadlığı televiziya vermir.

-  Bu da sosial şəbəkənin üstünlüyüdür. Sosial şəbəkədə hansısa bir videoya baxırsan, onun ardınca elə bir video başlaya bilər ki, baxanda peşman olursan. Elə bir reklam qarşınıza çıxar ki, siz ondan utanarsınız. 

- Elcan Rəsulov sosial şəbəkədə nə qədər azaddır?

- Mənim müəyyən çərçivələrim yoxdur, hər şeydən danışa bilərəm, hətta yumordan da. Yumor olduğu üçün tamaşaçı məni qınamaz. Ancaq sosial şəbəkədə müəyyən mənada tanınan insanlar var ki, onların rahat, sərbəst davranması absurddur. Misal üçün, biri çalışır ki, özünü dindar kimi göstərsin, ətrafına dini inancı olanları toplamağa başlayır. Başqa biri açıq-saçıqlıqla özünü tanıtmağa cəhd edir, çevrəsinə daha sərbəst olanları toplayır. Sosial şəbəkədə hər cür insan var. 

- Sosial şəbəkədə şəxsiyyətini gizlədən, özünü fərqli göstərməyə çalışanlar da az deyil.

- Onlar müəyyən tamaşaçı kütləsi toplayana qədər belə obrazdan-obraza girirlər. Bir müddətdən sonra dostluğundakı insanlar səni olduğun kimi tanımağa başlayırlar. 

- Sizcə, bir insanın sosial şəbəkədəki səhifəsi onu xarakterizə edirmi?

- Haradasa bəli. Ancaq bəzi məşhurlar var ki, onların sosial şəbəkədəki hesabını kimlərsə idarə edir. O sənətçi özünü necə tanıtdırmaq istəyirsə, o istiqamətdə göstərişlər verir və bu işdə PR menecerləri sənətçilərə kömək edir. Belə məşhurlarımız çoxdur. Onların sosial şəbəkəni idarə etmək anlayışı olmadığından işlərini köməkçiləri edir. Çünki o səhifələri özü idarə etsə, hörmətdən və gözdən düşə bilər. Ona görə bu sahəni daha yaxşı bilənlərə həvalə edirlər, onlar da pulun müqabilində işlərini görürlər.

- Bir müddət Kəbirlə birlikdə siz özünüz də videolar çəkməyə başladınız. Bu, tutarlı olmadığı üçünmü davam etdirmədiniz?

- Əslində, onunla birlikdə çəkdiyim videolar tutarlı oldu. Hətta o qədər tutarlı oldu ki, Kəbirə bundan sonra toy təklifləri gəlməyə başladı. Kəbir onun üzərindən seriala çəkilməyə başladı. Bu, sadəcə məndə bir həvəs idi. Yenə də bunu davam etdirmək niyyətindəyəm.


Etiketlər:  2019 qədər uğurlu olmadı mənim üçün FOTO


RƏYLƏR